Estoniya XİN rəhbəri: “Bu, hibrid hücumlar deyil, bir növ müharibədir”

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Rusiyaya aid edilən diversiya və hücumlara qarşı Avropa ölkələrini daha vahid və sərt təhlükəsizlik siyasəti yürütməyə çağırıb.

70

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Avropada Rusiyaya aid edilən diversiya və digər hücumların sadəcə “hibrid hücumlar” kimi xarakterizə edilməsinin yetərli olmadığını bildirib. O, bu fəaliyyətləri daha geniş sistemli kampaniyanın tərkib hissəsi və “bir növ müharibə” kimi qiymətləndirərək Avropa ölkələrini vahid cavab mexanizmi formalaşdırmağa çağırıb.

MSNews.az xəbər verir ki, Tsaxkna bu barədə “Politico”-ya açıqlamasında danışıb. Nazir Rusiyaya aid edilən bir sıra hadisələri “terror aktları” və “diversiya hücumları” kimi xarakterizə edib.

Açıqlamalar Estoniyanın müdafiə sənayesi şirkəti “Milrem Robotics”-in Tallindəki obyektində avqustun 14-dən 15-nə keçən gecə baş vermiş yanğınla bağlı araşdırmanın fonunda səsləndirilib. Estoniya Xarici İşlər Nazirliyi və təhlükəsizlik orqanları toplanmış məlumatlara əsaslanaraq hadisənin Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu bildiriblər.

Hadisə baş verəndən dərhal sonra prokurorluq daha ehtiyatlı mövqe tutaraq sübutların araşdırıldığını və diversiya ehtimalının yoxlanıldığını açıqlamışdı. Sonradan Estoniya hakimiyyəti məsuliyyəti rəsmi şəkildə Rusiyaya aid edib.

Tsaxkna hesab edir ki, bu cür əməliyyatların məqsədi Avropa cəmiyyətlərində qorxu yaratmaq, müttəfiqlər arasında parçalanmanı gücləndirmək və Ukraynaya dəstəyi zəiflətməkdir. Estoniya XİN də rəsmi açıqlamasında Milrem hadisəsini Rusiyanın Avropaya qarşı daha geniş diversiya kampaniyasının bir hissəsi kimi təqdim edib.

Nazir Avropa ölkələrinin belə hadisələrə ayrı-ayrılıqda deyil, kollektiv şəkildə reaksiya verməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, kəşfiyyat məlumatlarının mübadiləsi genişləndirilməli, təhlükəsizlik strukturlarına daha çox sərmayə yatırılmalı və qeyri-ənənəvi təhdidlərə çevik cavab imkanları artırılmalıdır.

Tsaxkna eyni zamanda Rusiyanın hazırda NATO-ya qarşı genişmiqyaslı hərbi hücum həyata keçirmək imkanında olmadığını düşündüyünü, lakin bunun gələcək riskləri aradan qaldırmadığını bildirib. Nazir Avropanın mövcud vaxtdan müdafiə və təhlükəsizlik hazırlığını gücləndirmək üçün istifadə etməyə çağırıb.

Estoniya sentyabrın 29-da Milrem Robotics hadisəsinə görə Rusiyanın Tallindəki səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq etirazını bildirib. Moskvanın konkret Milrem işi ilə bağlı mövqeyi isə Estoniyanın rəsmi açıqlamalarında yer almır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.