Əlcəzair ölüm hökmünün 30 ildən artıq fasilədən sonra yenidən icrasına yol aça biləcək mühüm hüquqi addım atıb. Ölkə parlamentinin aşağı palatası qəsdən yanğın törədənlər və uşaqları oğurlayan şəxslər üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan Cinayət Məcəlləsinə dəyişiklikləri qəbul edib.
MSNews.az xəbər verir ki, Əlcəzair Xalq Milli Assambleyasında səsvermə oktyabrın 1-də keçirilib.
Yeni müddəalar meşə və əkin sahələrini qəsdən yandıran şəxslərə, eləcə də müəyyən ağırlaşdırıcı hallarda dövlət və özəl əmlakın qəsdən məhv edilməsində iştirak edənlərə ölüm cəzasının tətbiqini nəzərdə tutur.
Qanun uşaqların müdafiəsi ilə bağlı cəzaları da sərtləşdirir. Uşaq oğurluğuna görə ölüm cəzası nəzərdə tutulur, işgəncə, seksual zorakılıq və digər ağır əməllərlə müşayiət olunan hallarda isə məsuliyyət daha da ağırlaşdırılır.
Əlcəzair Prezidenti Əbdülməcid Tebbun sentyabrın əvvəlində Nazirlər Kabinetinin iclasında qəsdən yanğın törədən və uşaqları oğurlayan şəxslərə qarşı ölüm hökmünün icrasını nəzərdə tutacaq qanunvericilik dəyişikliklərinin hazırlanmasını tapşırmışdı.
Bu təşəbbüs avqustun sonunda Əlcəzairdə baş vermiş dağıdıcı meşə yanğınlarından sonra gündəmə gətirilib. Hökumət dəyişiklikləri ağır cinayətlərə qarşı çəkindirmə tədbirlərinin gücləndirilməsi ilə əsaslandırır.
Bununla belə, qanunun parlamentin aşağı palatasında qəbul edilməsi ölüm hökmlərinin dərhal icrasına başlanması demək deyil. Hüquqi prosedurun tamamlanması tələb olunur.
Əlcəzairdə məhkəmələr ölüm hökmü çıxara bilsələr də, 1993-cü ildən bəri heç bir ölüm hökmü icra edilməyib. Yeni dəyişikliklərin əsas fərqi məhz ölüm cəzasının faktiki icrasının yenidən gündəmə gətirilməsidir.