Rusiyada 2026-cı ilin payız dövründə təxminən 120 min çağırışçının müddətli hərbi xidmət yerinə göndərilməsi planlaşdırılır. Çağırışçıların hərbi hissələrə göndərilməsinə oktyabrın 10-dan başlanacaq.
MSNews.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, general-polkovnik Yevgeni Burdinski Müdafiə Nazirliyinin “Krasnaya Zvezda” qəzetinə müsahibəsində bildirib.
Burdinskinin sözlərinə görə, oktyabr-dekabr aylarında təxminən 120 min nəfər müddətli hərbi xidmət keçmək üçün qoşunlara göndərilməlidir.
Göndəriş tarixlərində bəzi istisnalar nəzərdə tutulub. Uzaq Şimalın ayrı-ayrı rayonlarında və onlara bərabər tutulan ərazilərdə çağırışçıların xidmət yerlərinə göndərilməsi 1 noyabr–31 dekabr tarixlərində həyata keçiriləcək. Kənd yerlərində yaşayan və əkin-biçin işlərində birbaşa çalışan şəxslər üçün isə göndərişlər oktyabrın 15-dən başlayacaq.
Rusiya 2026-cı ildən etibarən çağırış prosedurlarını ilboyu həyata keçirən sistemə keçib. Prezident Vladimir Putinin 29 dekabr 2025-ci il tarixli fərmanına əsasən, il ərzində ümumilikdə 261 min nəfərin müddətli hərbi xidmətə çağırılması nəzərdə tutulur. Yaz dövründə artıq 141 min nəfər xidmət yerinə göndərilib.
Burdinski həmçinin bildirib ki, müddətli xidmətə çağırılan hərbçilər Ukraynada döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün göndərilməyəcəklər. Bu, Rusiya Baş Qərargahının rəsmi mövqeyidir.