Rusiya Prezidenti Vladimir Putinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retklifin Moskvaya səfər etdiyi avqustun 25-də məzmunu ictimaiyyətə açıqlanmayan üç fərman imzaladığı bildirilir.
MSNews.az xəbər verir ki, “The Moscow Times” Rusiya hüquqi informasiya portalındakı sənədlərin ardıcıllığına diqqət çəkib. Avqustun 24-də imzalanmış son dərc olunan sənəd 604 nömrəli fərman olduğu halda, avqustun 25-də açıq şəkildə yayımlanan növbəti fərmanlar 608, 609 və 610 nömrələrini daşıyıb. Buna əsasən, 605, 606 və 607 nömrəli üç sənədin ictimaiyyətə açıqlanmadığı bildirilir.
Açıq şəkildə dərc olunan 608-610 nömrəli fərmanlardan ikisi Rusiyanın İraqdakı səfirinin dəyişdirilməsi, digəri isə əlillər və veteranlarla bağlı komissiyaların tərkibinə dəyişikliklə əlaqədardır. Açıqlanmayan üç sənədin məzmunu barədə isə rəsmi məlumat yoxdur. Buna görə onların CIA rəhbərinin səfəri ilə əlaqəli olub-olmadığını təsdiqləmək mümkün deyil.
Retklif həmin gün Moskvaya əvvəlcədən elan edilməyən səfər edib. “Reuters” və “Associated Press” Kremlin açıqlamasına istinadən bildirir ki, CIA direktoru Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə danışıqlar aparıb.
Bununla belə, ilkin məlumatlardan fərqli olaraq, Retklif Putinlə görüşməyib. Kremlin sözçüsü Dmitri Peskov avqustun 26-da bildirib ki, danışıqlar yalnız xüsusi xidmət orqanları səviyyəsində keçirilib və onların nəticələri barədə daha sonra Putinə məlumat verilib.
“The Washington Post” yazır ki, bu, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından sonra fəaliyyətdə olan CIA direktorunun Moskvaya ilk məlum səfəridir. Bundan əvvəl CIA rəhbəri Uilyam Börns 2021-ci ilin noyabrında Moskvaya gəlmişdi.
Retklifin danışıqlarının konkret gündəliyi açıqlanmayıb. ABŞ Prezidenti Donald Tramp səfəri “yarı rutin” xarakterli adlandırıb, Kreml isə xüsusi xidmətlər arasında belə təmasların ikitərəfli münasibətlərin ən gərgin dövrlərində belə davam etdiyini bildirib.