Tokayevin hədiyyə etdiyi saat satışa çıxarıldı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2023-cü ildə tazı balası hədiyyə edən Anna Zaxarovaya təqdim etdiyi imzalı saat satışa çıxarılıb. Satıcı kolleksiya əşyası üçün 2 milyon 899 min tenqe istəyir.

40

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2023-cü ildə ona tazı balası hədiyyə edən Anna Zaxarovaya təqdim etdiyi imzalı saat 2 milyon 899 min tenqeyə satışa çıxarılıb.

MSNews.az xəbər verir ki, hazırda “Kaspi Elanlar” platformasında yerləşdirilən elanda qadın saatının Tokayev tərəfindən hədiyyə edildiyi, üzərində prezidentin imzasının olduğu və sertifikatla birlikdə satıldığı göstərilir. Elanın aktual qiyməti 2 899 000 tenqedir.

Hadisənin tarixçəsi 2023-cü ilin martına gedib çıxır. “Informburo.kz” həmin vaxt prezident administrasiyasına istinadən yazmışdı ki, tazı yetişdiricisi Anna Zaxarova Novruz tədbiri zamanı Tokayevə Naurız” adlı bir ay yarımlıq tazı balası hədiyyə edib. Zaxarovanın sözlərinə görə, tədbirdən sonra prezident də ona qarşılıqlı hədiyyə olaraq saat təqdim edib.

Zaxarova “Digital Business” nəşrinə bildirib ki, saatı taxmaq fikrində olmadığı üçün onu kolleksiya dəyərini qiymətləndirəcək şəxsə satmağa qərar verib. Satıcı əşyanın bütün sənədlərinin olduğunu, vəziyyətinin ideal qaldığını və qiymətlə bağlı məqbul sövdələşməyə hazır olduğunu deyib. O, gələcəkdə belə əşyaların dəyərinin artacağını düşünərək saatın 10 ildən sonra hətta 30 milyon tenqeyə qədər qiymətləndirilə biləcəyini ehtimal edib.

Nəşrin araşdırmasına görə, söhbət Qazaxıstanın “Empire” şirkətinin Aitumar” modelindən gedir. Saat Respublika Günü münasibətilə cəmi 150 ədəd istehsal edilmiş limitli seriyaya daxildir. Modeldə Yaponiyanın Citizen 9T13 mexanizmi, qızılı örtüklü paslanmayan polad korpus, sapfir şüşə və təbii dəri qayış istifadə olunub. Kataloqda bu modelin adi satış qiymətinin təxminən 180 min tenqe olduğu göstərilir. Satıcı isə konkret nüsxənin prezident tərəfindən təqdim olunmasını və imzasını onun əsas kolleksiya dəyəri hesab edir.

Zaxarovanın sözlərinə görə, saatla artıq bir neçə potensial alıcı maraqlanıb, lakin hələlik satış baş tutmayıb. Əşyanın həqiqətən gələcəkdə milyonlarla tenqe bahalaşacağına dair müstəqil ekspert qiymətləndirməsi açıqlanmayıb.