Slovakiyanın Baş naziri Robert Fitso Belçikanın paytaxtı və Avropa İttifaqının əsas siyasi mərkəzlərindən biri olan Brüsseldə narkotik ticarəti ilə əlaqəli silahlı zorakılığın miqyasını sərt tənqid edib. O, şəhərin “narkokartellərin döyüş meydanına çevrildiyini” bildirib.
MSNews.az xəbər verir ki, Fitso avqustun 16-da yayımladığı videomüraciətdə Aİ-nin demokratiya, insan hüquqları və rifahdan danışdığını, lakin Brüsselin özündə təhlükəsizlik problemlərinin illərdir davam etdiyini söyləyib. Baş nazirin sözlərinə görə, Aİ liderləri qapalı zallarda Avropanın gələcəyini müzakirə etdiyi halda, şəhərin küçələrində narkotik qrupları arasında silahlı qarşıdurmalar baş verir.
“27 baş nazir və dövlət başçısı təcrid olunmuş, pəncərəsiz məkanda Avropanı və onun gələcəyini müzakirə edir, onların divarları altında isə sözün əsl mənasında narkobaronların müharibəsi gedir”, – Fitso bildirib.
O, bunu bütövlükdə Avropanın üzləşdiyi problemlərin simvolik təsviri kimi təqdim edib.
Fitso həmçinin Avropa Şurasının Prezidenti Antonio Kostanın gələn həftə Slovakiyaya səfəri zamanı Brüsseldəki vəziyyətlə bağlı ondan izahat istəyəcəyini deyib.
Brüsseldə narkotik ticarəti ilə əlaqəli silahlı zorakılıq problemi real olaraq son illərdə kəskinləşib. “The Guardian” Belçikanın milli narkotik komissarı İne Van Vimerşə istinadən yazır ki, 2025-ci ildə Brüsseldə rekord 101 atışma qeydə alınıb və onların əhəmiyyətli hissəsi cinayətkar qruplar arasında ərazi uğrunda mübarizə ilə əlaqəli olub.
Problem 2026-cı ildə də davam edir. “The Brussels Times” iyulun sonunda Molenbekdə bir neçə silahlı insidentdən sonra polis qüvvələrinin gücləndirildiyini bildirib. Yerli hakimiyyət həmin zorakılığı narkotik ticarəti ilə məşğul olan cinayətkar şəbəkələrin ərazi və təsir uğrunda mübarizəsi ilə əlaqələndirib.