Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ görüşü keçirilib

Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ rəsmilərinin üçtərəfli görüşü keçirilib. Tərəflər TRIPP layihəsini, sərhədlərin delimitasiyasını və sülh prosesində növbəti addımları müzakirə ediblər.

50

Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ rəsmilərinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, TRIPP təşəbbüsünün icrası və sərhədlərin delimitasiyası prosesinə həsr olunub.

MSNews.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, avqustun 10-da keçirilən görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker iştirak ediblər.

Görüş 8 avqust 2025-ci ildə keçirilmiş Vaşinqton Sülh Sammitinin birinci ildönümü münasibətilə təşkil olunub. Tərəflər “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” — TRIPP təşəbbüsünün mövcud vəziyyəti və növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı TRIPP üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsi, maneəsiz regional bağlantıların yaradılması, iqtisadi inkişafın təşviqi və davamlı sülhün möhkəmləndirilməsində layihənin imkanlarından istifadə məsələlərinə toxunulub.

Tərəflər Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə davam edən prosesi də müzakirə edərək mövcud razılaşmalar əsasında praktiki işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Sülh prosesinin davamlı irəliləməsinə xidmət edən etimad quruculuğu tədbirlərinə də xüsusi diqqət ayrılıb.

Ermənistan Xarici İşlər Nazirliyinin ayrıca açıqlamasında görüş zamanı indiyədək əldə edilmiş müsbət nəticələr, regional infrastruktur layihələri və etimad quruculuğu tədbirlərinin müzakirə edildiyi bildirilib. İrəvan tərəfi mövcud humanitar məsələlərin həllinin vacibliyinin də vurğulandığını qeyd edib. Vahan Kostanyan ABŞ Prezidenti Donald Trampın ötənilki sammitin keçirilməsinə və Azərbaycan-Ermənistan sülhünün institusionallaşmasına töhfəsini yüksək qiymətləndirib.

Tərəflər Vaşinqton sammitinin birinci ildönümündə üçtərəfli görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürlərini bildirərək əldə olunmuş öhdəliklərin konkret nəticələrə çevrilməsinin vacibliyini vurğulayıblar.