Çin İranı qorumaq istəyir, amma onun uğrunda döyüşməz – ŞƏRH

Siyasi araşdırmaçı Nəsir Ağayev Çinin İranla münasibətlərini, Pekinin enerji maraqlarını və hərbi ittifaqdan niyə çəkindiyini şərh edib.

156

Siyasi araşdırmaçı Nəsir Ağayev Çinin İranla münasibətlərini və mümkün müharibə şəraitində Pekinin Tehrana göstərə biləcəyi dəstəyin sərhədlərini şərh edib.

Onun sözlərinə görə, Çin İranın tam məğlub olmasını və ya dövlət kimi ciddi şəkildə zəifləməsini istəməz. İran Pekin üçün ucuz enerji mənbəyi olmaqla yanaşı, ABŞ-nin diqqətini Yaxın Şərqdə saxlayan və Qərblə rəqabətdə istifadə edilən strateji elementdir.

“Pekinin istədiyi İranın qələbəsi deyil, onun idarəolunan şəkildə ayaqda qalmasıdır. Çin İranı qorumaq istəyir, amma İran uğrunda döyüşmək istəmir”, – Nəsir Ağayev bildirib.

Araşdırmaçı hesab edir ki, son hərbi qarşıdurmalar Çin-İran münasibətlərinin real sərhədlərini göstərib. İran ağır zərbələrə məruz qaldığı zaman Çin və Rusiya birbaşa müdaxilədən çəkinib. Tehrana müəyyən hərbi-texniki yardım göstərilsə də, bu dəstəyin ciddi hərbi ittifaq səviyyəsində olmadığı müşahidə edilib.

Ağayev İranın Çin istehsalı olan yüzlərlə daşınan hava hücumundan müdafiə sistemi almağa hazırlaşması barədə yayılan məlumatları nümunə göstərib. Rəsmi Pekin bu xəbərləri təkzib etsə də, siyasi araşdırmaçının fikrincə, belə bir satışın həyata keçirilməsi də Çinlə İran arasında tam hərbi ittifaqın mövcudluğunu sübut etməz.

“Bunu ən yaxşı halda hərbi-texniki əməkdaşlıq adlandırmaq olar. Tehran Çin və Rusiya üçün strateji baxımdan faydalıdır, lakin ABŞ ilə açıq qarşıdurmaya girəcək qədər vacib deyil”, – o qeyd edib.

Nəsir Ağayev Çinin İranla tam hərbi ittifaqdan qaçmasının əsas səbəblərindən birinin enerji təhlükəsizliyi olduğunu düşünür. Onun təqdim etdiyi rəqəmlərə əsasən, Çin və İran arasındakı ticarət dövriyyəsi 2025-ci ildə 9,96 milyard dollar təşkil edib. Bununla belə, Pekinin Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə enerji əlaqələri daha geniş miqyasa malikdir.

Araşdırmaçının sözlərinə görə, Çinin idxal etdiyi xam neftin təxminən 40 faizi Hörmüz boğazından keçir. Buna görə İranın boğazı bağlaması ABŞ-a təzyiq göstərsə də, əsas iqtisadi zərbə Çin və digər Asiya ölkələrinə dəyə bilər.

“İranın Hörmüzü bloklaması ABŞ üçün müəyyən problem yaratsa da, ilk və ən böyük iqtisadi zərbəni Çin hiss edər. Pekin İran naminə Körfəzdəki bütün enerji maraqlarını riskə atmaq istəməz”, – Ağayev vurğulayıb.

O bildirib ki, Çinin Körfəzdəki maraqları yalnız İranla məhdudlaşmır. Pekin uzun müddətdir “Saudi Aramco”nun ən böyük alıcılarından biridir, Qətərin əsas mayeləşdirilmiş təbii qaz müştəriləri sırasında yer alır və BƏƏ neftinin əsas ixrac istiqamətlərindən hesab olunur.

Nəsir Ağayevin fikrincə, bu amillər İranı Çin üçün eyni zamanda həm strateji tərəfdaşa, həm də potensial risk mənbəyinə çevirir.

“Çin İranın məğlub olmasını istəmir, amma onun təhlükəsizlik zəmanətçisi olmağa da hazır deyil. Tehran Pekin üçün faydalı tərəfdaşdır, lakin uğrunda böyük riskə giriləcək səviyyədə deyil. Çin İranı ayaqda saxlayacaq qədər dəstəkləyə bilər, amma onun müharibəsinin tərəfinə çevrilməz”, – siyasi araşdırmaçı yekunlaşdırıb.