Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin İnkişaf və Karyera Mərkəzi” və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Şamaxı olub.
MSNews.az xəbər verir ki, 27-31 iyul tarixlərini əhatə edən layihənin əsas məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq regionlarda yaşayan gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakını artırmaq, onların yaradıcı potensialını üzə çıxarmaq və dövlət dəstəyi mexanizmlərini daha əlçatan etməkdir.
Şamaxı mərhələsinin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Səbuhi Həsənov, eləcə də “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin baş direktoru Azər Əliyev layihənin region gənclərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı potensialının üzə çıxarılması və gələcək karyera imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Layihə çərçivəsində gənclər üçün “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonalarında müxtəlif vörkşoplar, ustad dərsləri, viktorinalar və intellektual yarışlar keçirilib. İştirakçılar həm nəzəri biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Bununla yanaşı, “Dövlət Məşğulluq Agentliyi”nin Dağlıq Şirvan Regional Məşğulluq Filialı, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”nin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, həmçinin İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən maarifləndirici sessiyalar və sərgilər təşkil olunub.
Təlimlər zamanı iştirakçılara ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və sağlam həyat tərzi mövzularında ətraflı məlumat verilib.
Proqramın sonunda keçirilən fəaliyyətlərdə fəallığı ilə seçilən gənclər mükafatlandırılıblar.
Qeyd edək ki, layihə cari il ərzində Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Ağsuda da uğurla həyata keçirilib. Noyabr ayınadək davam edəcək təşəbbüsün ümumilikdə 20 şəhər və rayondan 8 min gənci əhatə etməsi planlaşdırılır.










