Süni intellekt alətləri sosial şəbəkələrdə istifadəçilərin paylaşımlarını redaktə edərkən mətnin mənasını hiss olunmadan dəyişə və ictimai rəyə təsir göstərə bilər.
MSNews.az xəbər verir ki, bu nəticəyə Oksford İnternet İnstitutu və Hasso Plattner İnstitutunun tədqiqatçıları gəlib. Araşdırmada bildirilir ki, sosial şəbəkələrdə istifadə olunan süni intellekt alətləri postları yaratmaq, redaktə etmək və ya kontekstləşdirmək zamanı gizli qərəzlər əlavə edə bilər.
Tədqiqatın müəllifləri — Stratis Tsirtsis, Kai Raval, Kris Rassell, Brent Mittelştadt və Sandra Vaxter — araşdırmada iri dil modellərinin mübahisəli mövzularda yazılmış insan mətnlərini necə dəyişdirdiyini təhlil ediblər. Məqalə mayın 15-də “arXiv” platformasında dərc olunub və ICML 2026 çərçivəsində AI4Good və Technical AI Governance Research seminarlarında təqdimata qəbul edilib.
Araşdırmaya görə, modellərdən insan tərəfindən yazılmış paylaşımları “daha yaxşı sosial media postuna” çevirmək istənilib. Lakin hətta orijinal mənanı qorumaq tapşırığı verildikdə belə, modellər bəzi hallarda mətnin mövqeyini sistemli şəkildə dəyişib. Modellər bir sıra mövzularda oxşar istiqamətli meyillər göstərib: silaha nəzarət, marixuananın leqallaşdırılması və feminizm lehinə, ateizm və ölüm hökmü əleyhinə ifadələri gücləndirib.
“The Guardian” yazır ki, tədqiqatçılar “xAI”, “Meta”, “Google”, “Alibaba” və “Mistral” kimi şirkətlərin modellərini sınaqdan keçiriblər. Nəşrin məlumatına görə, bəzi modellər liberal istiqamətli, “Grok”un “X” platformasındakı “Explain this post” funksiyası isə abort mövzusunda daha sağ yönümlü qərəz nümayiş etdirib.
Araşdırmada diqqət çəkən nümunələrdən biri ateizm mövzusunda olub. “The Guardian”ın yazdığına görə, süni intellekt alətləri bəzi hallarda ateist məzmunlu postların mənasını tamamilə dəyişib; məsələn, “İsa real deyildi” fikri daha dini və ya inancı müsbət təqdim edən mətnə çevrilib. Başqa bir nümunədə isə iqlim dəyişikliyini inkar edən paylaşım iqlim böhranı ilə bağlı xəbərdarlıq formasında redaktə edilib.
Tədqiqatçılar yalnız mətn redaktəsi ilə kifayətlənməyiblər. Onlar “X” və “Facebook”-dan götürülmüş real sosial şəbəkə məlumatları əsasında riyazi modelləşdirmə və kompüter simulyasiyaları aparıblar. Nəticə göstərib ki, fərdi postlarda kiçik dəyişikliklər milyonlarla qarşılıqlı əlaqə üzərindən yayılarsa, zamanla onlayn icmalarda ictimai rəyin istiqamətini dəyişə bilər.