Ermənistan İstintaq Komitəsi “Çiçəklənən Ermənistan” Partiyasının lideri, biznesmen Qagik Tsarukyanın saxlanılması ilə bağlı görüntülər yayıb.
MSNews.az xəbər verir ki, kadrlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Tsarukyanın malikanəsinə daxil olduğu görünür. “Sputnik Armenia”nın məlumatına görə, video Yerevan məhkəməsinin Tsarukyan barəsində həbs qərarı elan etməsindən sonra dərc olunub.
Yerevan Şəhər Birinci İnstansiya Məhkəməsi Tsarukyan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. “Hetq” yazır ki, bundan əvvəl hüquq-mühafizə orqanları Tsarukyanın evi, ona məxsus “Multi Group” şirkətlər şəbəkəsi və şirkət rəhbərlərinin yaşayış ünvanlarında axtarışlar aparıb.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Tsarukyanla əlaqəli 70-dən çox ünvanda eyni vaxtda axtarış keçirilib. “Armenpress”-in məlumatında bildirilir ki, istintaq hərəkətləri “Çiçəklənən Ermənistan” Partiyasının lideri ilə bağlı bir neçə cinayət işi çərçivəsində aparılıb.
Tsarukyan və onunla əlaqəli şəxslər 2022–2024-cü illərdə İrandan Ermənistana təxminən 21 milyon dollar dəyərində malların saxta idxalı, iri miqyaslı dələduzluq və çirkli pulların yuyulması şübhəsi ilə saxlanılıblar.
Tsarukyanın vəkilləri ittihamları qəbul etmir və müdafiə tərəfi qərardan şikayət verməyi planlaşdırır. “News.am”ın məlumatına görə, vəkil Yerem Sarkisyan işin Ermənistan-İran ticarət əlaqələrinin inkişafına yönəlmiş fəaliyyətlə bağlı olduğunu bildirib.
Hadisə Ermənistanda ciddi siyasi rezonans doğurub. Bir sıra müxalifət qüvvələri Tsarukyanın saxlanılmasını siyasi motivli addım kimi qiymətləndirib. Hakimiyyət isə prosesin cinayət işi çərçivəsində aparıldığını bildirir.
Qeyd edək ki, Qagik Tsarukyan Ermənistanın ən tanınmış biznesmenlərindən və müxalif siyasi fiqurlarından biridir. O, uzun illər “Çiçəklənən Ermənistan” Partiyasına rəhbərlik edib və ölkənin siyasi həyatında mühüm rol oynayıb.