“Petty Million” – “Şikayət üzrə dünya çempionatı” yaradılıb

"Petty Million" adlı yeni platforma istifadəçilərə gündəlik narazılıqlarını anonim paylaşmağa və başqalarının şikayətlərinə səs verməyə imkan verir. Saytda ölkələr üzrə “narazılıq reytinqi” də formalaşdırılır.

18

İnternetdə gündəlik narazılıqlar və xırda şikayətlər üçün “Petty Million” adlı qeyri-adi platforma yaradılıb.

MSNews.az xəbər verir ki, Petty Million” adlı sayt istifadəçilərə iş, hava, texnologiya, münasibətlər, yemək, səs-küylü qonşular və digər gündəlik mövzularla bağlı şikayətlərini anonim şəkildə paylaşmağa imkan verir. “Gizmodo” yazır ki, platformanın məqsədi bir milyon “xırda şikayət” toplamaqdır və istifadəçilər digər paylaşımlara səs verə bilirlər.

Saytda “Petty World Cup” adlı ayrıca bölmə də var. Burada ölkələr istifadəçilərin şikayətləri və həmin şikayətlərə verilən reaksiyalar əsasında sıralanır. Platforma ölkələri “ümumi şikayət aktivliyi” göstəricisinə görə müqayisə edir.

Dexerto”nun məlumatına görə, istifadəçilər hər bir şikayəti “haqlıdır”, “çox xırdadır” və ya “tamamilə doğrudur” kimi qiymətləndirə bilirlər. Bu reaksiyalar daha sonra ölkələr üzrə ümumi reytinqin formalaşmasına təsir edir.

Rusdilli mediada yayılan məlumatlara görə, hazırkı reytinqdə Rusiya ikinci yerdə göstərilir. “Knife” nəşri yazır ki, “Petty Million”-da ölkələrin sıralaması şikayətlərə verilən reaksiyaların ümumi sayına əsasən hesablanır. Nəşrin məlumatına görə, ABŞ təxminən 3,7 min reaksiya ilə birinci, Rusiya isə təxminən 2 min reaksiya ilə ikinci yerdədir. Böyük Britaniya və Vyetnam da ilk sıralarda yer alır.

Platformanın yaradıcıları layihəni həm əyləncəli, həm də “emosional boşalma” məkanı kimi təqdim edirlər. Burada istifadəçilər ciddi siyasi və ya hüquqi müraciətlərdən çox, gündəlik həyatda əsəbiləşdirən xırda halları paylaşırlar.

“Petty Million”un reytinqi rəsmi sosial və ya elmi göstərici sayılmır. Nəticələr saytdakı istifadəçi aktivliyinə əsaslandığı üçün ölkələrin real “narazılıq səviyyəsini” göstərmir. Bununla belə, layihə qısa müddətdə sosial şəbəkələrdə viral mövzuya çevrilib.