Hindistanda süni intellekt texnologiyalarından müsəlman qadınlara qarşı rəqəmsal təqib və seksual xarakterli saxta görüntülərin hazırlanması üçün getdikcə daha çox istifadə olunduğu bildirilir.
MSNews.az xəbər verir ki, “Center for the Study of Organized Hate” — CSOH tərəfindən aparılan araşdırmada 2023-cü ilin mayından 2025-ci ilin mayına qədər “X”, “Instagram” və “Facebook” platformalarında 297 açıq hesabdan yayılan 1326 süni intellektlə yaradılmış nifrət məzmunu təhlil edilib. Araşdırmaya görə, bu məzmunlar Hindistanda müsəlmanlara qarşı yönəlmiş vizual nifrət kampaniyalarının yeni mərhələsini formalaşdırır.
Tədqiqatda qeyd olunur ki, təhlil edilən materiallarda əsas mövzulardan biri müsəlman qadınların seksual xarakterli şəkildə təsvir edilməsi olub. CSOH bildirir ki, bu kateqoriyaya aid kontent ümumilikdə 6,7 milyondan çox qarşılıqlı əlaqə toplayıb və bu, islamofob təbliğatın həm də gender əsaslı zorakılıq xarakteri daşıdığını göstərir.
Araşdırma müəlliflərinin sözlərinə görə, belə görüntülərdə müsəlman qadınlar çox vaxt hindu kişilərlə birlikdə təqdim edilir, müsəlman kişilər isə “təhlükəli”, “zorakı” və ya “cəmiyyət üçün təhdid” obrazında göstərilir. Hesabatda “Love Jihad”, “Population Jihad” və “Rail Jihad” kimi konspirativ narrativlərin də süni intellekt vasitəsilə vizual formada gücləndirildiyi bildirilir.
“Al Jazeera” yazır ki, zərərçəkənlərdən biri Hindistanın nəzarətində olan Kəşmirdən olan model Samrin Ayubdur. Onun sözlərinə görə, naməlum şəxslər fotolarından və saxta səsləndirmədən istifadə edərək süni intellektlə video hazırlayıblar. Video sosial şəbəkələrdə yayıldıqdan sonra Ayub bir neçə ay işsiz qaldığını bildirib.
Samrin Ayub polisə müraciət etdiyini, lakin araşdırmanın nəticə vermədiyini deyib. “Al Jazeera”nin məlumatına görə, Hindistanda mövcud qanunvericilik süni intellektlə yaradılan saxta seksual görüntülər və deepfake təqib halları ilə mübarizədə texnologiyanın inkişaf sürəti ilə ayaqlaşmaqda çətinlik çəkir. Bu isə günahkarların məsuliyyətə cəlb olunmasını çətinləşdirir.
CSOH hesabatında sosial media platformalarının moderasiya mexanizmləri də tənqid olunub. Təşkilatın məlumatına görə, tədqiqatçılar icma qaydalarını pozduğu bildirilən 187 paylaşımı platformalara şikayət edib, lakin onlardan yalnız biri “X” tərəfindən silinib. Bu, süni intellektlə yaradılan nifrət məzmununun aşkarlanması və məhdudlaşdırılması sahəsində ciddi boşluqların olduğunu göstərir.
Ekspertlər bildirirlər ki, bu cür materiallar təkcə fərdi şəxslərin reputasiyasına zərbə vurmur, həm də qadınların ictimai fəaliyyətini məhdudlaşdırır, onları susdurmağa və qorxu mühitində saxlamağa xidmət edir. Süni intellekt alətlərinin əlçatanlığı isə saxta görüntülərin daha sürətli, daha ucuz və daha real görünən formada hazırlanmasına imkan yaradır.