Birləşmiş Ərəb Əmirliklərinin Sudandakı Çevik Dəstək Qüvvələrinə (RSF) gizli silah və logistika dəstəyi verdiyinə dair yeni araşdırmalar beynəlxalq gündəmdə müzakirə olunur.
MSNews.az xəbər verir ki, 2023-cü ilin aprelində Sudan müharibəsi başlayandan bəri BMT müstəntiqləri, silah izləyiciləri, hüquq müdafiə təşkilatları və beynəlxalq media qurumları BƏƏ ilə ÇDQ arasında mümkün təchizat xəttinə dair çoxsaylı materiallar yayıblar.
BƏƏ isə bu ittihamları ardıcıl şəkildə rədd edir və Sudana göndərilən yüklərin humanitar yardım xarakterli olduğunu bildirir.
“Reuters”in araşdırmasına görə, Sudan müharibəsinin başlanmasından sonra BƏƏ-dən Çadın şərqindəki Amdjarass hava limanına onlarla yük reysi həyata keçirilib. BMT ekspertləri və diplomatlar həmin hava limanının ÇDQ-nə silahların Darfur üzərindən çatdırılması üçün istifadə olunduğundan şübhələnirlər.
Agentlik uçuş məlumatları və peyk görüntülərinə əsaslanaraq, 2023-cü ilin aprelindən sonra BƏƏ-dən Amdjarass istiqamətində ən azı 86 reysin qeydə alındığını yazıb. Ümumilikdə isə “Reuters” bu marşrut üzrə 170 reysi müəyyənləşdirib.
“Reuters”-in danışdığı silah ekspertləri Amdjarassda görüntülənən bəzi metal yeşiklərin humanitar yardım qutularına bənzəmədiyini və “yüksək ehtimalla sursat və ya silah” daşıdığını bildiriblər. Bununla belə, agentlik yeşiklərin içindəkiləri müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.
BƏƏ hökuməti isə “Reuters”-ə göndərdiyi açıqlamada ÇDQ-nə silah və hərbi texnika verilməsi barədə iddiaları “əsassız” adlandırıb. Əbu-Dabi bildirir ki, Amdjarass xətti ilə minlərlə ton ərzaq və tibbi yardım daşınıb, həmçinin bölgədə səhra hospitalı yaradılıb.
Amnesty International isə 2025-ci ildə yayımladığı araşdırmada ÇDQ-nin istifadə etdiyi Çin istehsalı GB50A idarəolunan bombalar və 155 millimetrlik AH-4 haubitsalarını sənədləşdirdiyini açıqlayıb.
Təşkilatın məlumatına görə, GB50A bombaları və AH-4 haubitsaları Darfur və Xartumda qeydə alınıb. “Amnesty” bu silahların “demək olar ki, BƏƏ tərəfindən Sudana təkrar ixrac edildiyini” bildirib və bunu Darfur üzrə BMT silah embarqosunun pozulması kimi qiymətləndirib.
“Amnesty” qeyd edib ki, AH-4 haubitsalarını Çindən idxal etdiyi bilinən yeganə ölkə BƏƏ-dir. Təşkilat həmçinin 2024-cü ildə istehsal olunmuş GB50A bombalarının qalıqlarını rəqəmsal sübutlar əsasında müəyyənləşdirdiyini açıqlayıb.
Reutersin başqa bir araşdırmasında isə BMT ekspertlərinin Darfurda ələ keçirilən bolqar istehsalı minaatan mərmiləri ilə BƏƏ arasında mümkün əlaqəni araşdırdığı bildirilir. Məlumata görə, həmin mərmilərin seriya nömrələri 2019-cu ildə Bolqarıstandan BƏƏ ordusuna ixrac edilmiş partiya ilə uyğun gəlib.
Bolqarıstan rəsmiləri bu sursatların Sudana təkrar ixracına icazə verilmədiyini bildiriblər. BƏƏ isə BMT hesabatında ÇDQ-nə silah tədarükünü təsdiqləyən sübut olmadığını vurğulayıb.
Son aylarda BƏƏ ilə əlaqəli iddia edilən təchizat xəttinin coğrafiyası da geniş müzakirə olunur. “Le Monde” yazır ki, BƏƏ ÇDQ üçün təchizat şəbəkəsini yenidən qurur və bu prosesdə Çad, Mərkəzi Afrika Respublikası, Efiopiya və Şərqi Liviyadan istifadə oluna bilər.
Nəşrin məlumatına görə, Əbu-Dabi ilə əlaqəli olduğu iddia edilən yük təyyarələri müxtəlif Afrika hava məkanlarından istifadə edərək ÇDQ-nin nəzarət etdiyi ərazilərə logistik axını qorumağa çalışır. Məqalədə Haftar qüvvələrinin nəzarətində olan Şərqi Liviyanın da bu şəbəkədə mühüm rol oynadığı vurğulanır.
Lighthouse Reports, “Evident” və “Sudan War Monitor”-un birgə araşdırması isə Şərqi Liviyada ÇDQ üçün təlim düşərgələri və logistika məntəqələrinin mövcudluğunu iddia edir. Araşdırmada Benqazi yaxınlığında yerləşən və “Camp 17” kimi tanınan obyekt xüsusi qeyd olunur.
Araşdırmaya görə, ÇDQ-dən qaçan şəxslər Liviyada silahların hazırlanması, texnikanın modifikasiyası, yanacaq və sursatın Sudana daşınması üçün istifadə edilən məntəqələrdən danışıblar. Onlar bəzi təlimlərin Liviya Milli Ordusu üzvləri və BƏƏ ilə əlaqəli kolumbiyalı podratçılar tərəfindən aparıldığını bildiriblər.
Human Rights Watch da 2026-cı ilin mayında yayımladığı hesabatda kolumbiyalı özəl hərbi podratçıların BƏƏ-də yerləşən “Global Security Services Group” adlı şirkət tərəfindən cəlb edildiyini və ÇDQ-nin tərəfində döyüşmək üçün Sudana göndərildiyini açıqlayıb.
HRW-nin məlumatına görə, bu şəxslər Sudana yollanmazdan əvvəl BƏƏ-dəki hərbi bazalardan keçiblər. Təşkilat bildirir ki, podratçıların bir hissəsi 2025-ci ilin oktyabrında ÇDQ-nin nəzarətə götürdüyü Şimali Darfurun Əl-Faşir şəhərində də olub.
HRW bunu BƏƏ-nin ÇDQ-nin hərbi imkanlarını artırmasına dair əlavə sübut kimi qiymətləndirib. Təşkilat digər dövlətləri BƏƏ-yə açıq şəkildə təzyiq göstərməyə və ÇDQ-nə silah, texnika, personal və digər hərbi dəstəyin dayandırılmasını tələb etməyə çağırıb.
Bəzi araşdırmalarda təchizat xəttinin maliyyə mənbəyi kimi Darfur qızılının qeyri-qanuni hasilatı və Dubay bazarlarına daşınması da göstərilir. “The Guardian” “The Sentry”-nin araşdırmasına istinadən yazıb ki, ÇDQ rəhbərliyinə yaxın şəxslər Dubayda milyonlarla funt sterlinqlik daşınmaz əmlaka sahibdir və bu şəbəkə qızıl ticarəti ilə əlaqələndirilir.
Mövzu beynəlxalq hüquqi müstəviyə də daşınıb. Sudan hökuməti BƏƏ-ni Beynəlxalq Ədalət Məhkəməsinə verərək, Əbu-Dabini ÇDQ-ni silahlandırmaqla Genosid Konvensiyasını pozmaqda ittiham edib.
Lakin “The Guardian” yazır ki, 2025-ci ilin mayında ICJ 14 lehinə, 2 əleyhinə səslə iş üzrə yurisdiksiyaya malik olmadığına qərar verib və Sudan hökumətinin iddiasını məhkəmə siyahısından çıxarıb.
Məhkəmə qərarı BƏƏ üçün diplomatik qələbə kimi qiymətləndirilsə də, Sudandakı müharibədə xarici dəstək və silah axını ilə bağlı suallar açıq qalır.
Qərb dövlətləri, o cümlədən ABŞ və Böyük Britaniya BƏƏ ilə münasibətlər fonunda Əbu-Dabiyə açıq təzyiq göstərməməkdə tənqid olunur. Hüquq müdafiə təşkilatları isə bildirirlər ki, ÇDQ-nə davam edən logistika və silah dəstəyi Sudan müharibəsini uzadır və mülki əhaliyə qarşı zorakılığı daha da artırır.
Hazırda BƏƏ-nin Sudandakı roluna dair iddialar həm BMT müstəvisində, həm də media və hüquq müdafiə araşdırmalarında izlənilməkdə davam edir.