Ukrayna İsveçdən 16 “Gripen E” qırıcısı alacaq

Ukrayna və İsveç Kiyevin 16 ədəd "Gripen E" qırıcısı almasına dair saziş imzalayıb. Tədarüklər 2029-cu ildə başlayacaq, ilk "Gripen C/D" təyyarələri isə 2027-ci ildə hərbi yardım kimi veriləcək.

19

Ukrayna və İsveç Kiyevin 16 ədəd “Gripen E” qırıcısı almasına dair saziş imzalayıb.

MSNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Saziş Ukrayna Prezidenti Volodimir Zelenskinin İsveçin müdafiə naziri Pol Yonsonla Kiyevdə keçirdiyi görüş zamanı imzalanıb. Sənədə Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev və İsveç Müdafiə Materialları Administrasiyasının baş direktoru Mikael Qranholm imza atıblar.

Ukrayna Prezident Ofisinin məlumatına görə, 16 ədəd Gripen E qırıcısının tədarükü 2029-cu ilin əvvəlində başlayacaq. Alış Avropa İttifaqının krediti hesabına və Böyük Britaniyanın dəstəyi ilə maliyyələşdiriləcək.

Saziş yalnız təyyarələrin alınmasını deyil, həm də onlara aid avadanlıq, texniki yardım və logistika dəstəyini əhatə edir.

Ukrayna tərəfi bildirir ki, ukraynalı pilotların və texniki personalın hazırlığı artıq İsveçdə keçirilir. Bu hazırlıq gələcəkdə “Gripen” təyyarələrinin Ukrayna Hərbi Hava Qüvvələrinə inteqrasiyası üçün əsas mərhələ hesab olunur.

İsveçin Saab şirkəti də müqaviləni təsdiqləyib. Şirkətin məlumatına görə, müqavilə 16 ədəd “Gripen E” qırıcısını əhatə edir və dəyəri təxminən 24,6 milyard İsveç kronu təşkil edir.

Saab bildirir ki, təyyarələrin İsveç Müdafiə Materialları Administrasiyasına təhvil verilməsi 2029–2030-cu illərdə həyata keçiriləcək. Müqaviləyə ehtiyat hissələri, əlavə materiallar və avadanlıq da daxildir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu saziş Ukrayna Silahlı Qüvvələrini və ölkənin hava imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Bundan əlavə, Ukrayna 2027-ci ilin əvvəlində İsveçdən hərbi yardım kimi ilk 16 ədəd “Gripen C/D” qırıcısı alacaq. Bu təyyarələr daha əvvəl İsveçin Ukraynaya hərbi dəstək paketi çərçivəsində nəzərdə tutulmuşdu.

İsveç hökumətinin may ayında açıqladığı plana görə, “Gripen C/D” təyyarələri Ukraynanın hava məkanının müdafiəsini gücləndirmək üçün nəzərdə tutulub. Paketə həmçinin qabaqcıl aviasiya sursatları və texniki dəstək də daxil edilə bilər.

“Gripen E” İsveç istehsalı olan müasir çoxməqsədli qırıcıdır. Təyyarə hava hədəflərinə qarşı mübarizə, yerüstü hədəflərə zərbələr, kəşfiyyat və müxtəlif silah sistemlərinin tətbiqi üçün nəzərdə tutulub.