İraqda deputatın evindən milyonlarla dollar tapıldı

İraqda geniş antikorrupsiya əməliyyatı zamanı deputatlar və yüksək vəzifəli məmurlar saxlanılıb. Hind əl-Abbasinin evindən 57 milyon dollar və 27 kq qızıl tapılması iddiası hələ rəsmi təsdiqlənməyib.

22

İraqda genişmiqyaslı antikorrupsiya əməliyyatı ölkədə ciddi siyasi rezonans doğurub.

MSNews.az xəbər verir ki, əməliyyat çərçivəsində deputatlar, yüksək vəzifəli dövlət məmurları və biznes dairələri ilə əlaqəli şəxslər saxlanılıb.

“Reuters”in məlumatına görə, İraq təhlükəsizlik qüvvələri Baş nazir Əli əz-Zeydinin göstərişi ilə Bağdadın ciddi qorunan “Yaşıl zona”sında və digər ərazilərdə reydlər keçirib. İraqın dövlət agentliyi INA-ya istinadən bildirilir ki, əməliyyat zamanı 47 nəfər saxlanılıb.

Saxlanılanlar arasında parlament üzvləri və hökumət rəsmiləri də var. “Associated Press” yazır ki, həbslər keçmiş neft nazirinin müavini Adnan əl-Cumaylinin ifadələrindən sonra həyata keçirilib. Onun ifadələrinin daha geniş korrupsiya şəbəkəsinə işarə etdiyi bildirilir.

İraq məhkəmə orqanlarının məlumatına görə, istintaq dövlət resurslarından sui-istifadə, seçki kampaniyalarının qanunsuz maliyyələşdirilməsi, dövlət müqavilələri üzərindən komissiya əldə edilməsi və qanunsuz varlanma iddialarını əhatə edir.

Bu fonda ən çox müzakirə olunan iddialardan biri deputat Hind əl-Abbasinin adı ilə bağlıdır. Sosial şəbəkələrdə və bəzi media resurslarında onun evində 57 milyon dollar nağd pul, 27 kiloqram qızıl və hətta qızıldan hazırlanmış alt paltarının aşkarlandığı iddia olunur.

“The New Arab”ın məlumatına görə, Hind əl-Abbasi antikorrupsiya əməliyyatı çərçivəsində adı çəkilən deputatlar arasındadır. Nəşr yazır ki, İraq hakimiyyəti indiyədək azı 53 siyasətçi və məmuru saxlayıb, lakin bütün adlar rəsmi şəkildə açıqlanmayıb.

“Al Hadath” mənbələrə istinadən yazır ki, korrupsiya işi çərçivəsində qızıl külçələr, daşınmaz əmlak, avtomobillər və silahlar da müsadirə olunanlar arasındadır. Telekanalın məlumatına görə, indiyədək 40 milyon dollar və 100 milyard İraq dinarı götürülüb. Bu isə hazırkı məzənnə ilə ümumilikdə təxminən 116 milyon dollar ətrafında qiymətləndirilir.

Neft sektoru ilə bağlı epizod da istintaqın əsas istiqamətlərindən biridir. “The National” yazır ki, neft nazirinin paylama işləri üzrə müavini Ali Maaric əl-Bəhədlinin evində 11 milyon dollar və 4 milyard İraq dinarı aşkar edilib. Vəsaitin bir hissəsinin divar arxasında gizlədildiyi bildirilir.

İraq Ali Məhkəmə Şurasının məlumatına görə, əl-Bəhədli ilə bağlı ilkin istintaq nəticəsində ümumilikdə 14 milyon dollardan çox vəsait, həmçinin bir sıra daşınmaz əmlak obyektləri müsadirə olunub. İstintaq davam edir.

“Gulf News” isə başqa bir epizodda deputat Aliya Nəsifin evindən 20 milyard İraq dinarından çox vəsait və qızıl götürüldüyünü yazır. Nəşrin məlumatına görə, daha geniş əməliyyat çərçivəsində 85 milyon dollardan çox aktivin müsadirə olunduğu bildirilir.

İraq hökuməti əməliyyatın davam edəcəyini bəyan edib. “Kurdistan24” yazır ki, hökumət sözçüsü Heydər əl-Abudi Baş nazir Əli əz-Zeydinin Maliyyə Nazirliyinə qanunsuz varlanma və korrupsiya işləri üzrə geri qaytarılan vəsaitlər üçün xüsusi hesab yaratmağı tapşırdığını bildirib.

Bundan başqa, “Shafaq News” mənbələrə istinadən yazır ki, antikorrupsiya kampaniyası altı aylıq plan çərçivəsində 200-dən çox məmur, siyasətçi, keçmiş və hazırkı nazir müavini və iş adamını əhatə edə bilər.

İraq hakimiyyəti kampaniyanın yalnız başlanğıc mərhələsində olduğunu bildirir. Rəsmi Bağdad yaxın günlərdə neft və elektrik enerjisi nazirlikləri ilə bağlı yeni adların açıqlana biləcəyini istisna etmir.