Rusiya Prezidenti Vladimir Putin “Vahid Rusiya” partiyasının predseçki qurultayında ölkədə keçiriləcək seçkilər, hakim partiyanın fəaliyyəti, ənənəvi dəyərlər və Rusiyanın gələcəyi barədə danışıb.
MSNews.az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, Putin çıxışında seçkilərin “açıq və azad rəqabət şəraitində” keçəcəyinə əmin olduğunu bildirib.
“Əminəm ki, seçkilərimiz açıq və azad rəqabət şəraitində keçəcək. Bu demokratik institutlara sadiqlik xalqımızın gücünün təminatıdır”, — deyə Rusiya Prezidenti qeyd edib.
Putin çıxışında “Vahid Rusiya” partiyasının siyasətçilərini də müdafiə edib. Onun sözlərinə görə, Rusiya vətəndaşları bu partiyanın nümayəndələrinin “yalan və boş vədlər vermədiyini” bilir.
Rusiya Prezidenti ənənəvi dəyərlərin qorunmasını da ölkənin gələcəyi üçün əsas məsələlərdən biri kimi təqdim edib. O bildirib ki, cəmiyyət yalnız öz ənənə və mədəniyyətini azad şəkildə ifadə edə bildiyi halda azad ola bilər.
“Xalqı öz ölkəsində azad deyilsə, insan da azad ola bilməz”, — deyə Putin vurğulayıb.
Putin çıxışında Rusiyanın gələcək inkişaf yoluna da toxunub. Onun sözlərinə görə, Rusiya yalnız güclü və müstəqil dövlət kimi mövcud ola bilər.
“Rusiya yalnız güclü və müstəqil ölkə ola bilər, əks halda Rusiya olmayacaq. Cəmi iki yol var”, — deyə Rusiya Prezidenti bildirib.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər 2026-cı ilin sentyabrında keçiriləcək. Prezident Vladimir Putinin imzaladığı fərmana əsasən, seçkilər 20 sentyabra təyin edilib. Rusiya Mərkəzi Seçki Komissiyasının qərarına görə isə səsvermə üç gün — 18, 19 və 20 sentyabr tarixlərində keçiriləcək.
“Vahid Rusiya”nın qurultayında partiyanın Dövlət Dumasına seçkilər üçün namizədlər siyahısı və predseçki proqramının əsas istiqamətləri müzakirə olunur.