Prezident İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul edib

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-İran münasibətləri, İƏT tədbiri və Araz dəhlizi müzakirə olunub.

10

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MSNews.az xəbər verir ki, bu barədə “President.az” məlumat yayıb. Görüş iyunun 24-də keçirilib.

Dövlət başçısı son vaxtlar İran xalqının böyük əziyyətlər çəkdiyini vurğulayıb, müharibədə həlak olanlara Allahdan rəhmət diləyib. Prezident İlham Əliyev müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqının və dövlətinin yanında olduğunu bildirib.

Prezident özünün İran Prezidenti Məsud Pezeşkianla telefon danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə təmasları və həmrəylik nümunələrini bunun göstəricisi kimi qiymətləndirib. Dövlət başçısı müharibənin dayandırılmasının Azərbaycanda sevinc hissi ilə qarşılandığını və bununla bağlı ölkəmizin dərhal rəsmi bəyanat verdiyini xatırladıb.

“Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın”, – deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiyini qeyd edib.

Dövlət başçısı Məhəmməd Baqir Qalibafın Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev bu tədbirin İslam həmrəyliyinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib.

Prezident, həmçinin gələn il Azərbaycanın İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcəyini və bununla bağlı hazırlıq işlərinə başlanıldığını qeyd edib.

Məhəmməd Baqir Qalibaf Prezident İlham Əliyevlə görüşdən məmnunluğunu bildirib və İran Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə təşəkkür edib və onun da salamlarının Məsud Pezeşkiana çatdırılmasını xahiş edib.

Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, Azərbaycanın müharibə dövründə İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini və Azərbaycan xalqının İranın yanında olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha dinamik inkişafına əminlik ifadə edilib. Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivləri, parlamentlərarası əməkdaşlıq və hökumətlərarası komissiyanın fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.