KXDR-in yeni destroyeri silahlanmaya qəbul edildi

KXDR lideri Kim Çen In “Çve Hyon” adlı 5 min tonluq çoxməqsədli destroyerin silahlanmaya qəbul edilməsi mərasimində iştirak edib. Gəmi Qərb dənizi donanmasına veriləcək.

12

KXDR lideri Kim Çen In ölkənin yeni çoxməqsədli destroyerinin silahlanmaya qəbul edilməsi mərasimində iştirak edib.

MSNews.az xəbər verir ki, “Reuters” Şimali Koreyanın dövlət mediası KCNA-ya istinadən məlumat yayıb. Bildirilib ki, “Çve Hyon” adlı 5 min tonluq gəminin silahlanmaya qəbul mərasimi Nampho limanında keçirilib.

KCNA-nın məlumatına görə, “Çve Hyon” 14 ay davam edən əməliyyat sınaqlarını uğurla başa vurduqdan sonra Koreya Xalq Ordusu Hərbi Dəniz Qüvvələrinin Qərb dənizi donanmasının sərəncamına veriləcək.

Gəmi Şimali Koreyanın dəniz qüvvələrinin imkanlarını genişləndirmək planlarının mühüm hissəsi kimi təqdim olunur. Məlumata əsasən, “Çve Hyon” hava və gəmi əleyhinə silah sistemləri, eləcə də raket daşımaq imkanları ilə təchiz oluna bilər.

Kim Çen In mərasimdə çıxışı zamanı ölkənin hərbi donanmasının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, qarşıdakı beş il ərzində hər il bu sinifdən iki gəminin inşa edilməsini tapşırıb.

Şimali Koreya son illərdə dəniz qüvvələrinin modernləşdirilməsinə xüsusi diqqət ayırır. Rəsmi Pxenyan bunu ölkənin müdafiə və çəkindirmə imkanlarının artırılması ilə izah edir.