Ərdoğan Xalki ilə bağlı danışıqların bərpasına göstəriş verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul yaxınlığındakı Xalki pravoslav seminariyasının fəaliyyətinin bərpası ilə bağlı danışıqların davam etdirilməsinə göstəriş verib.

17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalki pravoslav seminariyasının fəaliyyətinin bərpası ilə bağlı danışıqların davam etdirilməsinə göstəriş verib.

MSNews.az xəbər verir ki, “Reuters” bu məsələnin ABŞ Prezidenti Donald Tramp tərəfindən də gündəmə gətirildiyini yazıb. Agentliyin məlumatına görə, Tramp ötən il Vaşinqtonda Ərdoğanla danışıqlar zamanı seminariyanın yenidən açılması mövzusunu qaldırıb.

Xalki, yəni Heybəliada seminariyası 1844-cü ildə təsis edilib və uzun illər Şərq Pravoslav Kilsəsinin Ümumdünya Patriarxlığı üçün əsas ilahiyyat məktəbi rolunu oynayıb. Seminariya İstanbulda yaşayan Patriarx Varfolomey də daxil olmaqla, bir neçə nəsil pravoslav ruhanisinin yetişdirilməsi ilə tanınır.

“Reuters” bildirir ki, təhsil müəssisəsi 1971-ci ildə Türkiyə Konstitusiya Məhkəməsinin özəl ali təhsil müəssisələrinin dövlət universitetlərinə bağlı fəaliyyət göstərməsi ilə bağlı qərarından sonra bağlanıb. Patriarxlıq isə seminariyanın bu statusla fəaliyyətini davam etdirməsini qəbul etməyib.

Kalkedon metropoliti Emmanuel bildirib ki, Ərdoğanın göstərişindən sonra məsələ “yeni mərhələyə” daxil olub. Onun sözlərinə görə, Türkiyənin ali təhsil qurumu Patriarxlığın komitəsi ilə danışıqları davam etdirəcək.

Seminariyanın açılması üçün hələ dəqiq tarix açıqlanmayıb. Tərəflər hüquqi və təhsil çərçivəsi, həmçinin binanın bərpası ilə bağlı məsələləri razılaşdırmalıdırlar.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti