ABŞ və Ukrayna cəbhə xəttinin dondurulmasını müzakirə edir

ABŞ və Ukrayna müharibənin hazırkı cəbhə xətti üzrə qismən dondurulması variantını müzakirə edir. Ssenari 50-70 kilometrlik zonada döyüşlərin məhdudlaşdırılmasını nəzərdə tutur.

13

ABŞ və Ukrayna müharibənin hazırkı cəbhə xətti üzrə qismən dondurulması ssenarisini nəzərdən keçirir.

MSNews.az xəbər verir ki, “Kyiv Post” “The Economist”ə istinadən yazır ki, Ukrayna və ABŞ Prezidenti Donald Trampın komandası arasında gündəlik təmaslar davam edir. Nəşrin məlumatına görə, Rusiya ilə qeyri-rəsmi diplomatik kontaktlar da yenidən aktivləşib.

Müzakirə olunan variantlardan biri iki mərhələli atəşkəs modelidir. Birinci mərhələdə cəbhə xəttinin hər iki tərəfində 50-70 kilometr məsafədə döyüş əməliyyatlarının məhdudlaşdırılması nəzərdə tutulur. Daha sonra tərəflər daha geniş siyasi və təhlükəsizlik razılaşmasına keçə bilərlər.

“UNN” yazır ki, bu ssenari hələ rəsmi plan kimi təsdiqlənməyib. Mənbələrin məlumatına görə, tərəflər hazırda mümkün formatları qeyri-rəsmi şəkildə müzakirə edirlər və konkret razılaşmadan danışmaq hələ tezdir.

“The Economist”in həmsöhbətləri hesab edirlər ki, Moskva yaxın aylarda ciddi güzəştə getməyə tələsməyə bilər. Məlumata görə, Rusiya oktyabr ayına qədər danışıqlarda real addım atmaqdan yayınmağa, prosesi öz siyasi maraqları üçün istifadə etməyə çalışa bilər.

Digər ehtimal isə Kremlin danışıqları gələn ilin yazına qədər uzatmasıdır. Analitiklərin fikrincə, Moskva ağır qış dövrünün Ukraynanın mövqelərini zəiflədə biləcəyini və danışıqlarda Rusiyanın imkanlarını artıracağını düşünə bilər.

“Reuters” yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərinin Rusiyanın müharibədə qalib gəlmədiyi barədə ortaq fikrə gəldiyini bildirib. Zelenski həmçinin Putini danışıqlara məcbur etmək üçün Rusiyanın enerji ixracı, bank sistemi və hərbi istehsalına qarşı əlavə sanksiyaların müzakirə olunduğunu deyib.

Kiyev üçün əsas məsələ atəşkəsin Rusiyaya yeni hücumlara hazırlaşmaq üçün fasilə verməməsidir. Ukrayna tərəfi hesab edir ki, istənilən razılaşma yalnız güclü təhlükəsizlik mexanizmləri, davamlı hərbi dəstək və Rusiyaya təzyiqin saxlanılması ilə mümkün ola bilər.

Hazırda nə Vaşinqton, nə Kiyev, nə də Moskva 50-70 kilometrlik zona və ya iki mərhələli atəşkəs planı barədə rəsmi qərar açıqlayıb. Buna görə də məlumat hələlik “The Economist”in mənbələrə əsaslanan diplomatik ssenari təsviri kimi qiymətləndirilir.