İran heyəti Trampın sözlərinə etiraz olaraq danışıqları tərk etdi

İran nümayəndə heyəti Trampın Tehrana yönəlik sərt açıqlamalarına etiraz olaraq İsveçrədə ABŞ-la danışıqların keçirildiyi zalı tərk edib. Danışıqların tam bitmədiyi, lakin fasiləyə verildiyi bildirilir.

15

İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına etiraz olaraq İsveçrədə danışıqların keçirildiyi zalı tərk edib.

MSNews.az xəbər verir ki, “Iran International” İranın “Tasnim” agentliyinə istinadən yazır ki, Tehran nümayəndələri Trampın hədələyici fikirlərindən sonra ABŞ-la danışıqların keçirildiyi məkandan çıxıblar.

Məlumata görə, İran tərəfi Trampın sözlərini danışıqlar prosesinə qarşı təzyiq və təhdid kimi qiymətləndirib. Tehran nümayəndələri bu bəyanatlardan sonra hazırkı raundun davam etdirilməsini məqsədəuyğun saymayıblar.

Bununla belə, İran heyətinin İsveçrəni tərk etməsi təsdiqlənmir. “Reuters”-ə istinad edən məlumatlarda danışıqların tam başa çatmadığı, sadəcə fasiləyə verildiyi bildirilir. Mənbələrə görə, prosesin davam edib-etməyəcəyi vasitəçilərin səylərindən və ABŞ tərəfinin növbəti açıqlamalarından asılı olacaq.

Qalmaqal ABŞ Prezidenti Donald Trampın İran Prezidenti Məsud Pezeşkianın uranın zənginləşdirilməsi ilə bağlı mövqeyinə cavabından sonra yaranıb. “Fox News” Trampın Pezeşkian barədə danışarkən onun “dilinə sahib çıxmalı” olduğunu dediyini yazır.

Tramp həmçinin bildirib ki, İran “özünü düzgün aparmasa”, ABŞ “ölkənin qalan hissəsini də ələ keçirə bilər”. Fox News qeyd edir ki, Tramp ABŞ-ın İranın hansı hissəsini artıq nəzarətə götürdüyünü dəqiqləşdirməyib.

Danışıqların ilk mərhələsində də diplomatik gərginlik yaşanıb. İran nümayəndə heyəti ABŞ tərəfi ilə planlaşdırılan birgə foto mərasimində iştirakdan imtina edib. Tərəflər bu addımın səbəbi ilə bağlı fərqli açıqlamalar verirlər.