Medvedev Ukrayna eks-prezidentlərinin Polşa ordenlərindən imtinasını şərh etdi

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenkonun Polşanın “Ağ qartal” ordenindən imtinasını kəskin ifadələrlə şərh edib.

11

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynanın keçmiş prezidentlərinin Polşa mükafatlarından imtinasını kəskin şəkildə şərh edib.

MSNews.az xəbər verir ki, TASS Medvedevə istinadən yazır ki, o, Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenkonun Polşanın “Ağ qartal” ordenindən imtinasını Ukrayna rəhbərliyinə qarşı sərt ittihamlarla dəyərləndirib.

Medvedev bildirib ki, Ukraynanın keçmiş rəhbərləri mükafatları geri qaytarmaqla öz siyasi mövqelərini nümayiş etdiriblər. O, açıqlamasında Ukrayna liderləri barədə təhqiramiz ifadələr işlədib və onları “nasist” olmaqda ittiham edib.

Rusiya rəsmisi həmçinin Polşa-Ukrayna münasibətlərində mübahisə doğuran tarixi mövzulara toxunub. O bildirib ki, Ukrayna tərəfinin UPA ilə bağlı mövqeyi Polşanın tarixi yaddaşı ilə ziddiyyət təşkil edir.

Mübahisə Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini “Ağ qartal” ordenindən məhrum etmək qərarından sonra daha da böyüyüb. Reuters yazır ki, Zelenski ordeni Polşa prezidentinə geri göndərib.

Daha sonra Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko da öz “Ağ qartal” ordenlərindən imtina etdiklərini açıqlayıblar. Onlar bu addımı Zelenskiyə qarşı qərarla razılaşmadıqlarını göstərən siyasi jest kimi təqdim ediblər.

“Ukrainska Pravda” yazır ki, Kuçma 1997-ci ildə aldığı ordeni geri qaytarmaq qərarına gəlib. Ardınca Yuşşenko və Poroşenko da oxşar mövqe bildiriblər.

Polşa tərəfi isə qərarını Ukraynada hərbi bölmələrdən birinə UPA-nın adının verilməsi ilə əsaslandırıb.

Ukraynada isə UPA bir çoxları tərəfindən sovet və nasist işğalına qarşı mübarizə aparmış milli müqavimət simvolu kimi təqdim olunur. Bu fərqli tarixi yanaşma Polşa və Ukrayna arasında illərdir həssas mübahisə mövzusu olaraq qalır.

Polşanın Baş naziri Donald Tusk isə bu qərarı “strateji səhv” adlandırıb. Reuters yazır ki, Tusk Varşava ilə Kiyev arasında yaranan gərginliyin Moskvanın maraqlarına xidmət edə biləcəyini bildirib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930