Macarıstan Aİ sammitinin yekun bəyanatında Ukraynanın sürətli üzvlüyü ilə bağlı ifadələrin dəyişdirilməsinə nail olub.
MSNews.az xəbər verir ki, “Reuters” agentliyi Macarıstanın Baş naziri Peter Madyarın açıqlamasına istinadən yazır ki, Budapeşt Avropa Şurasının yekun sənədindən Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə dair bəndin çıxarılmasına nail olub.
Madyar bildirib ki, sənədin Ukrayna ilə bağlı hissəsində yalnız əvvəllər konsensusla qəbul edilmiş mətn saxlanılıb. Onun sözlərinə görə, bəyanat bir neçə həftəlik hazırlıq zamanı Macarıstanın təklifləri əsasında ciddi şəkildə dəyişdirilib.
“Kyiv Post” yazır ki, Madyar bu məsələ ilə bağlı dörd saatlıq müzakirələrdən sonra kompromis əldə olunduğunu bildirib. Baş nazirin sözlərinə görə, Ukraynanın üzvlük prosesinin sürətləndirilməsinə istinad edən bənd “son anda” onun təşəbbüsü ilə mətndən çıxarılıb.
Bununla belə, yekun bəyanat Ukraynanın Aİ-yə üzvlük prosesini tamamilə dayandırmır. Sənəddə Ukrayna ilə üzvlük danışıqları üzrə hökumətlərarası konfransın keçirilməsi və “fundamentals cluster” adlanan ilk danışıqlar blokunun açılması alqışlanır.
Aİ sənədində həmçinin digər danışıqlar klasterlərinin “nailiyyətə əsaslanan yanaşma” çərçivəsində açılmasının gözlənildiyi qeyd olunur. Bu isə o deməkdir ki, Ukraynanın Aİ-yə inteqrasiyası davam edir, lakin Budapeşt prosesin xüsusi sürətləndirilməsinə qarşı çıxır.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Avropanın gələcəyi üçün ən yaxşı təhlükəsizlik zəmanətlərindən birinin Ukraynanın Aİ-yə sürətli üzvlüyü ola biləcəyini bildirmişdi. Lakin Macarıstan bu yanaşmanı dəstəkləməyib.
“Reuters” daha əvvəl yazmışdı ki, Macarıstan və Ukrayna Ukraynadakı etnik macar azlığının hüquqları ilə bağlı razılaşma əldə ediblər. Bu razılaşma Budapeştin Ukrayna ilə Aİ danışıqlarının ilk mərhələsini dəstəkləməsinə yol açmışdı.
Buna baxmayaraq, Maduar hökuməti Ukraynanın Aİ-yə qəbulunda sürətləndirilmiş prosedurun tərəfdarı olmadığını bildirir. Budapeşt hesab edir ki, Kiyev digər namizəd ölkələrlə eyni meyarlar əsasında qiymətləndirilməlidir.