Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatından məhrum edəcəyini açıqlayıb.
MSNews.az xəbər verir ki, “Associated Press” Navrotskinin Zelenskidən “Ağ Qartal” ordeninin geri alınacağını bildirdiyini yazır. Polşa lideri qərarı Ukraynada hərbi hissələrdən birinə Ukrayna Üsyançı Ordusunun — UPA-nın adının verilməsi ilə izah edib.
Navrotski bildirib ki, Polşa cəmiyyətinin böyük hissəsi üçün UPA İkinci Dünya müharibəsi dövründə Polşa vətəndaşlarına qarşı ağır cinayətlərdə ittiham olunan təşkilat kimi qəbul edilir. Onun sözlərinə görə, bu səbəbdən UPA-nın qəhrəmanlaşdırılması Polşa tərəfi üçün qəbuledilməzdir.
“Reuters” yazır ki, məsələ Polşa ilə Ukrayna arasında münasibətləri gərginləşdirib. Agentliyin məlumatına görə, Zelenskinin hərbi hissəyə UPA ilə bağlı ad verilməsi qərarı Polşada ciddi narazılıq doğurub.
“Ağ Qartal” ordeni Polşanın ən yüksək dövlət təltifi hesab olunur. “President.pl” ordenin 1705-ci ildə təsis edildiyini və Polşa qarşısında xüsusi xidmətləri olan şəxslərə təqdim edildiyini bildirir.
Zelenski bu ordeni 2023-cü ilin aprelində Polşanın o zamankı Prezidenti Anjey Dudanın əlindən almışdı. Ukrayna Prezidentinin rəsmi saytında həmin vaxt qeyd olunurdu ki, mükafat Zelenskiyə Polşa-Ukrayna münasibətlərinin dərinləşdirilməsi, Avropada demokratiya, sülh və təhlükəsizlik naminə əməkdaşlığa töhfəsinə görə verilib.
Bununla belə, Navrotski qərarın Polşanın Ukraynaya Rusiyaya qarşı müdafiə müharibəsində dəstəyinin azalması anlamına gəlmədiyini vurğulayıb. Polşanın Baş naziri Donald Tusk isə tərəfləri sakitliyə və birbaşa dialoqa çağırıb.
Müşahidəçilər hesab edirlər ki, bu qərar Polşa-Ukrayna münasibətlərində tarixi yaddaş məsələsinin yenidən əsas gərginlik mənbəyinə çevrildiyini göstərir.