“Mandela effekti” nədir və niyə yaranır?

“Mandela effekti” çox sayda insanın eyni hadisəni və ya detalı yanlış xatırlaması fenomenidir. Bu anlayış Nelson Mandela ilə bağlı kollektiv yanlış xatirədən sonra məşhurlaşıb.

49

Son illərdə insanların məlumatı necə xatırlaması və yanlış informasiyaya necə inanması ilə bağlı ən çox müzakirə olunan anlayışlardan biri “Mandela effekti”dir.

MSNews.az xəbər verir ki, “Mandela effekti” çox sayda insanın həqiqətdə baş verməmiş hadisəni baş vermiş kimi xatırlaması və ya bir faktı eyni formada yanlış yada salması deməkdir.

Britannica” yazır ki, bu termin paranormal mövzular üzrə müəllif Fiona Broome tərəfindən məşhurlaşdırılıb. Broome 2009-cu ildə bir qrup insanın Nelson Mandelanın 1980-ci illərdə həbsxanada öldüyünü xatırladığını görüb. Əslində isə Mandela 1990-cı ildə azadlığa çıxıb, 1994–1999-cu illərdə Cənubi Afrika Respublikasının prezidenti olub və 2013-cü ildə vəfat edib.

Bu fenomenin məşhur nümunələrindən biri Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin 1999-cu il dekabrın 31-dəki istefa çıxışı ilə bağlıdır. Bir çox insan onun çıxışını “Mən yoruldum, gedirəm” sözləri ilə bitirdiyini düşünür. Lakin Kreml arxivindəki rəsmi mətndə Yeltsinin “Mən gedirəm. Əlimdən gələn hər şeyi etdim” mənasına gələn ifadələr işlətdiyi görünür. “The New Yorker” də həmin çıxışın məhz, bu cümlələrlə yadda qaldığını yazır.

Başqa bir məşhur nümunə “Monopoly” oyunundakı Mr. Monopoly obrazıdır. Çoxları onu monokl taxmış varlı kapitalist kimi xatırlayır. Halbuki “University of Chicago News”un vizual yaddaşla bağlı araşdırma yazısında qeyd olunur ki, məşhur Monopoly maskotu əslində monokl taxmayıb. Buna baxmayaraq, insanlar onu tez-tez monoklla xatırlayırlar.

Psixoloqlar bu cür yanlış xatirələrin yaranmasını yaddaşın işləmə mexanizmi ilə izah edirlər. İnsan yaddaşı kamera kimi hər şeyi olduğu kimi qeydə almır. Xatirələr emosiyalar, əvvəlki təcrübələr, eşitdiyimiz məlumatlar və sonradan gördüyümüz təsvirlərlə birlikdə yenidən qurulur.

Bu prosesdə bəzən yaddaşda boşluqlar yaranır. Beyin isə həmin boşluqları tanış assosiasiyalarla tamamlayır. Bu mexanizm konfabulyasiya adlanır. “Britannica” konfabulyasiyanı insanın yaddaşında olmayan və ya təhrif olunmuş məlumatı real kimi təqdim etməsi ilə əlaqələndirir.

“Mandela effekti”nin internet dövründə daha çox müzakirə olunması da təsadüfi deyil. Sosial şəbəkələrdə yanlış məlumatlar sürətlə yayılır və eyni səhv xatirə bir çox insanda möhkəmlənə bilər. “MIT Sloan”ın “Science” jurnalında dərc edilmiş araşdırmaya istinadən yazdığına görə, yalan xəbərlər “Twitter”-də doğru xəbərlərdən daha sürətli yayılır və 70 faiz daha çox retvit olunma ehtimalına malikdir.

Bəzi insanlar “Mandela effekti”ni paralel kainatlar və alternativ reallıqlarla izah etməyə çalışırlar. Lakin bu yanaşma elmi sübutlara əsaslanmır və daha çox fantastik nəzəriyyə kimi qiymətləndirilir. Elmi izahlar isə əsasən yaddaşın etibarsızlığı, sosial təsir və informasiya xaosu üzərində dayanır.

Mütəxəssislər bildirirlər ki, insanın öz yanlış xatirəsini dərhal tanıması çətindir. Çünki xatirə bizə nə qədər aydın görünürsə, ona inanma ehtimalımız da bir o qədər artır. Buna görə faktları yoxlamaq, etibarlı mənbələrə baxmaq və sualları düzgün vermək vacibdir.

Məsələn, “Mandela həbsxanada ölübmü?” sualı insanı yönləndirə bilər. Daha doğru sual belədir: “Nelson Mandela nə vaxt və necə vəfat edib?” Açıq suallar yaddaşı daha az manipulyasiya edir.

“Mandela effekti” bu gün yalnız psixologiya mövzusu deyil, həm də media savadlılığı məsələsidir. Rəqəmsal dövrdə xatirələr, sosial şəbəkə paylaşımları və real faktlar bir-birinə qarışdıqca tənqidi düşüncə daha vacib hala gəlir.

Bəs Azərbaycanda kütləvi şəkildə yanlış xatırlanan hansı hadisə, ifadə və ya detalı “Mandela effekti”nə nümunə göstərmək olar?

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.