ABŞ Prezidenti Donald Tramp İranla ilkin sazişin imzalanmasının yaxın olduğunu bildirib, lakin Tehran tərəfi dəqiq tarixlə bağlı ehtiyatlı mövqe nümayiş etdirir.
MSNews.az xəbər verir ki, Tramp “Truth Social” hesabında sazişin imzalanmasından sonra Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açılacağını iddia edib. “The Guardian” yazır ki, ABŞ lideri razılaşmanın İranın nüvə silahı əldə etməsinin qarşısını alacağını bildirib.
Tramp əvvəlki Obama administrasiyasının İranla nüvə razılaşmasını tənqid edib və yeni saziş çərçivəsində İrana hər hansı pul köçürməsinin nəzərdə tutulmadığını vurğulayıb. O, həmçinin ABŞ-ın daha əvvəl İranın nüvə obyektlərinə endirdiyi zərbələrə istinad edərək, nüvə materiallarının sonradan emal edilərək məhv olunacağını bildirib.
Bununla belə, İran tərəfi sazişin konkret tarixdə imzalanacağına dair iddialara ehtiyatla yanaşır. “Reuters”in məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai memorandumun imzalanma vaxtı ilə bağlı dəqiq tarix açıqlamağın düzgün olmadığını və sənədin yaxın günlərdə imzalana biləcəyini istisna etmədiyini bildirib.
“Reuters”ə danışan iranlı yüksək vəzifəli mənbə layihənin Hörmüz boğazının açılması, ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılması, sanksiyalar və nüvə proqramı ilə bağlı müddəaları əhatə etdiyini deyib. Mənbənin sözlərinə görə, yekun razılaşma tərəflər arasında ilkin anlaşmadan sonra 60 gün ərzində müzakirə olunmalıdır.
“Al Jazeera” isə İran XİN sözçüsünə istinadən yazır ki, hazırkı mərhələdə müzakirə olunan sənəd əsasən müharibənin dayandırılmasına yönəlib və nüvə məsələsinin bu mərhələdə ayrıca müzakirə predmeti olmadığı bildirilir.
Hələlik sazişin imzalanması rəsmi şəkildə təsdiqlənməyib. Tərəflər arasında mövqelər yaxınlaşsa da, sənədin tarixi, formatı və yekun şərtləri ilə bağlı qeyri-müəyyənlik qalır.