ABŞ İranla əlaqəli təxminən 1 milyard dollar dəyərində kriptovalyuta aktivini müsadirə etdiyini bildirib.
“Fox Business” xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent “Reagan National Economic Forum” çərçivəsində “Kudlow” proqramına müsahibəsində danışıb. Onun sözlərinə görə, Vaşinqton “Operation Economic Fury” adlı iqtisadi təzyiq kampaniyası çərçivəsində İranın kriptoaktivlərinə qarşı tədbirlər görüb.
Bessent bildirib ki, ABŞ İranla əlaqəli təxminən 1 milyard dollarlıq kriptovalyutanı ələ keçirib. O, aktivlərin necə götürüldüyünü izah edərkən kriptovalyuta cüzdanlarının birbaşa “ələ keçirildiyini” deyib.
“Anadolu Agentliyi” də Bessentin açıqlamasına istinadən yazır ki, bəzi hesab sahibləri aktivlərinin artıq müsadirə olunduğundan hələ xəbərsiz ola bilərlər. Nazir bildirib ki, həmin şəxslər cüzdanlarına daxil olmağa çalışarkən vəsaitlərinin artıq ələ keçirildiyini anlaya bilərlər.
ABŞ Maliyyə Nazirliyi bu addımı İranın maliyyə imkanlarını məhdudlaşdırmağa yönəlmiş daha geniş kampaniyanın bir hissəsi kimi təqdim edir. Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, “Economic Fury” çərçivəsində Vaşinqton İranın gəlir əldə etmək, vəsaitləri hərəkət etdirmək və ölkəyə qaytarmaq imkanlarını hədəfə alır. Qurum bu kampaniyanın İran rejimi və onun müttəfiqləri üçün “on milyardlarla dollar” dəyərində resurslara çıxışı məhdudlaşdırdığını iddia edir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu tədbirlər arasında İranla əlaqəli kriptovalyuta vəsaitlərinin dondurulması, qlobal “kölgə bankçılığı” şəbəkələrinə qarşı sanksiyalar, silah və hərbi komponentlərin tədarük şəbəkələrinin hədəfə alınması, neft ticarəti ilə bağlı vasitəçilərə və “kölgə donanması”na qarşı addımlar yer alır.
Bessent həmçinin bildirib ki, ABŞ Avropadakı müttəfiqləri ilə birlikdə İranla əlaqəli daşınmaz əmlakların, villaların və digər aktivlərin müsadirəsi üzərində də işləyir. Onun sözlərinə görə, Vaşinqton bu vəsaitləri “İran xalqından oğurlanmış pullar” kimi qiymətləndirir.
Qeyd edək ki, ABŞ daha əvvəl də İranla əlaqəli kriptovalyuta cüzdanlarına qarşı tədbirlər görüb. “Reuters” apreldə ABŞ Maliyyə Nazirliyinin İranla bağlı bir neçə kriptovalyuta cüzdanını sanksiyaya salaraq 344 milyon dollar dəyərində rəqəmsal aktivi dondurduğunu yazmışdı.
Kriptovalyutalar son illərdə sanksiyalardan yayınma, qara bazar ödənişləri və beynəlxalq maliyyə nəzarətindən kənar pul köçürmələri baxımından daha çox diqqət mərkəzinə düşüb. Vaşinqton isə İran, Rusiya, Şimali Koreya və digər sanksiyalı aktorların rəqəmsal aktivlərdən istifadə imkanlarını məhdudlaşdırmaq üçün kripto cüzdanları, birjalar və vasitəçi şəbəkələrə qarşı sanksiya mexanizmlərini genişləndirir.