Britaniyalı boksçu Tayson Fyurinin böyük qızı Venesuela Fyuri həftəsonu həvəskar boksçu Noa Prays ilə ailə qurub. Mərasim Men adasında yerləşən Müqəddəs Con Kral Kapellasında keçirilib.
“People” nəşrinin məlumatına görə, 16 yaşlı Venesuela və 18 yaşlı Noa toy mərasimindən sonra sosial şəbəkələrdə nikah üzüklərinin görüntüsünü də paylaşıblar.

Toyda Venesuelanın valideynləri Tayson və Paris Fyuri də iştirak ediblər. Mərasim ailənin yaxın çevrəsi ilə keçirilib və tədbirdə gəlinin 18 nəfər rəfiqəsinin olduğu bildirilir. “Entertainment Weekly” yazır ki, cütlük Venesuelanın 16 yaş günü mərasimində nişanlanmışdı və evlilik ailənin razılığı ilə baş tutub.
Toyun Men adasında keçirilməsi də diqqət çəkib. Çünki İngiltərə və Uelsdə 18 yaşdan aşağı şəxslərin evlənməsi qadağan olunsa da, Men adasında qanunvericilik hələ də valideyn razılığı ilə 16 yaşdan etibarən nikaha icazə verir. “Manx Radio”-nun məlumatına görə, adada nikah yaşı valideyn razılığı ilə 16 olaraq qalır.
Mərasimin ən çox müzakirə olunan detallarından biri isə Venesuelanın geyimi olub. O, 50 futluq uzun quyruğu olan ağ gəlinlik geyinib və onu ağ “Crocs” ayaqqabıları ilə tamamlayıb. “The Sun” yazır ki, Venesuela bunu rahatlıq üçün seçib və bu detal sosial şəbəkələrdə geniş müzakirə yaradıb.
Toyun ailənin “Netflix” layihəsi “At Home with the Furys” üçün də çəkildiyi bildirilir. Hadisə sosial şəbəkələrdə fərqli reaksiyalar doğurub: bəzi istifadəçilər cütlüyün çox gənc yaşda evlənməsini tənqid edib, ailə isə onların qərarını dəstəklədiyini bildirib.