ABŞ-İran gərginliyinin artması və Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi fonunda “The Economist” jurnalının 2023-cü ildə dərc etdiyi “Qloballaşmanı dağıdacaq yeni logistika təhlükəsi” (“The destructive new logic that threatens globalisation”) adlı məqaləsi yenidən diqqət çəkib. Nəşr həmin yazıda 1945-ci ildən sonra dünya iqtisadiyyatının əsasən ABŞ tərəfindən dəstəklənən qayda və normalar sistemi əsasında formalaşdığını, bu sistemin isə misilsiz iqtisadi inteqrasiya yaratdığını qeyd edirdi.

“The Economist” yazırdı ki, bu model uzun illər qlobal ticarəti genişləndirib, iqtisadi artımı sürətləndirib və yüz milyonlarla insanın yoxsulluqdan çıxmasına kömək edib. Lakin nəşrin xəbərdarlığına görə, indi bu sistem ciddi təzyiq altındadır: dövlətlər yaşıl sənayeni subsidiyalaşdırır, istehsalı həm rəqiblərdən, həm də tərəfdaşlardan öz ərazilərinə çəkməyə çalışır, mal və kapital axınlarına məhdudiyyətlər qoyurlar.
Məqalənin əsas ideyası bundan ibarət idi ki, qloballaşmanın əvvəlki məntiqi — qarşılıqlı fayda və açıq bazarlar — getdikcə “sıfır məbləğli oyun” yanaşması ilə əvəz olunur. Başqa sözlə, ölkələr artıq ticarəti hamının qazandığı sistem kimi deyil, bir tərəfin qazancının digərinin itkisi hesabına baş verdiyi geoiqtisadi rəqabət kimi görməyə başlayıblar.
Bu xəbərdarlıq indiki Yaxın Şərq böhranı fonunda daha aktual görünür. Reuters-in məlumatına görə, Hörmüz boğazı adətən dünya neft tədarükünün təxminən beşdəbirinin keçdiyi strateji marşrutdur və ABŞ-İran qarşıdurması fonunda buradakı hərəkət ciddi şəkildə məhdudlaşıb.
“Reuters” həmçinin yazır ki, Hörmüz boğazında təhlükəsizlik riskləri səbəbindən neft qiymətləri yüksəlib, bazarlar isə ABŞ-İran danışıqlarındakı dalanı və mümkün hərbi eskalasiyanı əsas risk kimi izləyir. Bu, regional gərginliyin yalnız hərbi və siyasi yox, həm də qlobal logistika və enerji təchizatı üçün sistemli təhlükə yaratdığını göstərir.
Ümumdünya Ticarət Təşkilatının 2023-cü il hesabatı da qlobal iqtisadiyyatın parçalanma təhlükəsinə diqqət çəkirdi. WTO həmin hesabatda daha təhlükəsiz, inklüziv və dayanıqlı gələcək üçün “re-qloballaşma” yanaşmasının vacibliyini vurğulayırdı. Təşkilata görə, ticarət sisteminin bloklara bölünməsi təchizat zəncirlərinin dayanıqlığını zəiflədə, xərcləri artıra və yoxsul ölkələrin inkişaf imkanlarını məhdudlaşdıra bilər.
Beləliklə, “The Economist”in 2023-cü ildə səsləndirdiyi xəbərdarlıq bu gün daha geniş mənzərə fonunda yenidən oxunur: qlobal iqtisadiyyat artıq yalnız ucuz istehsal və sürətli çatdırılma üzərində deyil, təhlükəsizlik, enerji marşrutları, sanksiyalar, strateji asılılıqlar və hərbi risklər üzərində də qurulur. Hörmüz boğazı kimi dar keçidlərdə yaranan böhran isə bir regional qarşıdurmanın bütün dünya ticarətinə necə təsir göstərə biləcəyini açıq şəkildə nümayiş etdirir.