Bakıda WUF13-ün açılış mərasimi keçirilir

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimi keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının — WUF13-ün açılış mərasimi keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edirlər. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının — UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax sessiyada iştirak edən dövlət və hökumət başçılarını, eləcə də nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar. Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

Daha sonra UN-Habitat tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunan videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.

WUF13-ün əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”dır. Forumun rəsmi saytında bildirilir ki, tədbir qlobal mənzil çağırışlarını, inklüzivlik, dayanıqlılıq və şəhər inkişafı məsələlərini müzakirə platformasına çevirir.

Qeyd edək ki, WUF13 17–22 may tarixlərində Bakıda keçirilir. Forum Azərbaycan hökuməti və UN-Habitat-ın birgə təşkilatçılığı ilə baş tutur və şəhərsalma, dayanıqlı inkişaf, təhlükəsiz yaşayış mühiti, urbanizasiya siyasəti və beynəlxalq təcrübə mübadiləsi baxımından mühüm qlobal tədbirlərdən biri hesab olunur.