Dünyanın dövlət bayraqlarında bənövşəyi rəngə çox nadir rast gəlinir. Bunun əsas səbəbi tarixən bu rəngin əldə edilməsinin son dərəcə çətin və bahalı olması ilə bağlıdır. Antik dövrlərdə bənövşəyi boya əsasən Aralıq dənizi sahillərində yaşayan dəniz ilbizlərindən alınırdı və bu proses böyük zəhmət tələb edirdi. “Tir bənövşəyisi” kimi tanınan bu boya ilk dəfə Finikiya şəhəri Tir ilə əlaqələndirilir və qədim dünyada zənginlik, hakimiyyət və saray rəmzi kimi qəbul edilirdi.
Lakin “dünyada heç bir dövlət bayrağında bənövşəyi rəng yoxdur” iddiası tam doğru deyil. Bənövşəyi rəng müasir dövlət bayraqlarında çox az istifadə olunsa da, Dominika bayrağında sisseru tutuquşusunun təsvirində, Nikaraqua bayrağında isə gerbdəki göy qurşağı elementində bu rəngə rast gəlinir. Dominika hökumətinin rəsmi məlumatında bayrağın mərkəzində ölkənin milli quşu olan sisseru tutuquşusunun təsvir edildiyi qeyd olunur. Nikaraqua bayrağında isə mərkəzi gerbdə göy qurşağı yer alır.
Tarixən bənövşəyi boyanın bahalılığı onun istehsal texnologiyası ilə bağlı idi. Tir şəhərinin ustaları bu rəngi əldə etmək üçün minlərlə, bəzi mənbələrə görə isə on minlərlə dəniz ilbizindən istifadə edirdilər. Boyanın hazırlanması uzun və zəhmətli proses olduğundan, bənövşəyi parçalar yalnız varlı təbəqələr, hökmdarlar və zadəganlar üçün əlçatan idi. Bu səbəbdən rəng Roma, Bizans və digər imperiyalarda hakimiyyət və nüfuz rəmzinə çevrilmişdi.
Bənövşəyi rəngin saraylarla əlaqələndirilməsi Avropada da uzun müddət davam edib. İngiltərədə kraliça I Elizabet dövründə geyim qaydaları sosial statusu qorumaq üçün ciddi şəkildə tənzimlənirdi. Şekspirin “Qlobus” teatrının araşdırmasına görə, Elizabet dövrünün dəbdəbə qanunları yalnız kral ailəsinə ipək bənövşəyi geyimlərdən istifadə etməyə icazə verirdi.
Bu rəngin kütləvi istifadəsi isə XIX əsrdə mümkün olub. İngilis kimyaçısı Uilyam Henri Perkin 1856-cı ildə malyariyaya qarşı dərman sayılan xininin sintetik formasını əldə etməyə çalışarkən təsadüfən ilk kommersiya sintetik boyalarından biri olan “mauveine”i kəşf edib. “Science History Institute və Science Museum” məlumatlarına görə, Perkinin bu kəşfi kimya sənayesində yeni mərhələ açıb və bənövşəyi rəngi artıq yalnız saraylara məxsus bahalı rəng olmaqdan çıxarıb.
Beləliklə, bənövşəyi rəng dövlət bayraqlarında tamamilə yox deyil, lakin çox nadirdir. Bunun tarixi səbəbi onun qədim dövrlərdə bahalı, çətin əldə edilən və əsasən hakimiyyət simvolu kimi qəbul olunan boya olmasıdır. Sintetik boyaların yaranmasından sonra bənövşəyi rəng gündəlik istifadəyə daxil olsa da, əksər dövlət bayraqlarının dizaynı bundan xeyli əvvəl formalaşdığı üçün bu rəng bayraq ənənəsində geniş yayılmayıb.