İlham Əliyev Deryageldi Orazovu qəbul edib

Prezident İlham Əliyev Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat yayılıb. 

Görüşdə Deryageldi Orazov Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib və öz salamlarının Türkmənistan Xalq Məsləhətinin sədrinə çatdırılmasını xahiş edib.

Deryageldi Orazov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının — WUF13-ün Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, forumda iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.

Dövlət başçısı Füzulidə Türkmənistan tərəfindən məscidin tikilməsi təşəbbüsünə görə bir daha təşəkkürünü bildirib və hazırda tikinti işlərinin davam etdiyini qeyd edib. Görüşdə işğal dövründə həmin ərazilərin Ermənistan tərəfindən dağıdıldığı, şəhərlərin viran qoyulduğu, hazırda isə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı vurğulanıb

Deryageldi Orazov işğaldan azad edilmiş ərazilərə yenidən səfər edəcəyini və həyata keçirilən layihələrlə yerində tanış olacağını bildirib