Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər liderlərlə birlikdə Qazaxıstanın Türküstan şəhərində yerləşən “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış olub.
Dövlət başçılarına qoruq barədə məlumat verilib. Bildirilib ki, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeyin “Nadir Eksponatlar Zalı” Qazaxıstanın mühüm muzey və sərgi layihələrindən biri hesab olunur. Burada Türküstanın zəngin tarixi, Türk dünyasının mənəvi irsi və Xoca Əhməd Yasəvi məqbərəsinə aid nadir artefaktlar nümayiş etdirilir.
Hazırda muzey-qoruğun kolleksiyasında 26 mindən çox eksponat saxlanılır. Onların təxminən 80 faizi artefaktlardan ibarətdir. Qoruğun əsas məqsədi orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq, araşdırmaq və təbliğ etməkdir.
Daha sonra dövlət başçıları Türküstanda yerləşən Xoca Əhməd Yasəvi məqbərəsi ilə tanış olublar. Məqbərə Mərkəzi Asiyanın ən böyük İslam memarlığı abidələrindən biri kimi tanınır və Qazaxıstanın mənəvi rəmzlərindən sayılır. XIV əsrin sonunda görkəmli sufi şair və mütəfəkkir Əhməd Yasəvinin dəfn olunduğu yerdə Əmir Teymurun göstərişi ilə inşa edilən kompleks vahid memarlıq üslubuna malikdir.
Kompleksdə 35-dən çox müxtəlif təyinatlı otaq yerləşir. Nadir artefaktların qorunduğu Xoca Əhməd Yasəvi məqbərəsi Türk dünyasının, eləcə də İslam mədəniyyətinin mühüm mənəvi və tarixi mərkəzlərindən biri hesab olunur.
Qeyd edək ki, TDT-nin Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunub. Görüş Türk dövlətləri arasında rəqəmsal transformasiya, texnoloji əməkdaşlıq və ortaq inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

























