“Zendaya effekti” “On” brendinin mənfəət proqnozunu artırdı

İsveçrənin idman geyimi brendi "On" güclü birinci rüb satışları və Zendaya ilə əməkdaşlığın yaratdığı maraq fonunda 2026-cı il üzrə mənfəət marjası proqnozunu yüksəldib.

İsveçrənin idman geyimləri və ayaqqabı brendi “On” 2026-cı il üzrə mənfəət marjası proqnozunu yüksəldib. Şirkət bu qərarı güclü birinci rüb satışları və yeni “sneaker” modellərinə artan tələbat fonunda qəbul edib.

“Reuters” yazır ki, “On” “Nike” və “Adidas”-ın uzun müddət dominant olduğu qaçış və “sneaker” bazarında mövqeyini gücləndirməyə davam edir.

Şirkətin böyüməsində Hollivud ulduzu Zendaya ilə əməkdaşlığın da rol oynadığı bildirilir. “On”-un həmsədri Kaspar Koppetti “Reuters”-ə açıqlamasında brendin daha gənc və qadın istehlakçılara yönəldiyini, Zendaya ilə təqdim olunan geyim kolleksiyasının isə yaxşı nəticələr göstərdiyini bildirib.

“On”-un birinci rüb satışları valyuta təsirləri nəzərə alınmadan 26,4 faiz artaraq 831,9 milyon İsveçrə frankına çatıb. Bu göstərici analitiklərin 822,5 milyon franklıq orta proqnozunu üstələyib. Şirkətin rəsmi maliyyə hesabatına görə, ayaqqabı satışları sabit valyuta əsasında 24 faiz, geyim satışları 57,5 faiz, aksesuar satışları isə 86,6 faiz artıb.

“On” indi 2026-cı il üçün düzəliş edilmiş EBITDA marjasının 19,5-20 faiz aralığında olacağını gözləyir. Əvvəlki proqnoz 18,5-19 faiz idi. Şirkət həmçinin ümumi mənfəət marjası üzrə gözləntisini ən azı 64,5 faiz səviyyəsinə yüksəldib və illik satışların ən azı 23 faiz artacağı proqnozunu qüvvədə saxlayıb.

Regionlar üzrə ən güclü artım Asiya-Sakit okean bazarında qeydə alınıb. Bu regionda satışlar sabit valyuta əsasında 61,4 faiz yüksəlib. “On”, xüsusilə, Çin və Cənubi Koreyada genişlənir. Amerika bazarı isə şirkətin gəlirlərinin yarıdan çoxunu formalaşdırsa da, burada artım tempi 17,1 faiz olub və əvvəlki illə müqayisədə yavaşlama müşahidə edilib.

Şirkətin rentabelliyinə yeni məhsul buraxılışları da müsbət təsir göstərib. “Cloudtilt” sneaker modeli mart ayında “Foot Locker Europe”-da ən çox satılan ayaqqabı olub. “On”-un birinci rübdə düzəliş edilmiş EBITDA marjası ötən ilin eyni dövründəki 16,5 faizdən 21 faizə yüksəlib.

Bununla belə, investorlar ABŞ bazarında artım tempinin zəifləməsinə diqqət yetiriblər. “On”-un ABŞ-da listinqdə olan səhmləri ilkin ticarətdə təxminən 4 faiz ucuzlaşıb. Şirkətin səhmləri 2026-cı ilin əvvəlindən bəri 20 faizdən çox dəyər itirib.