Hantavirusa görə 42 günlük karantin tövsiyə olunur – RƏSMİ AÇIQLAMA

Hantavirus aşkarlanan “MV Hondius” kruiz gəmisinin sərnişinləri və heyəti Tenerife sahillərində təxliyə olunub. ECDC yüksək riskli kontaktlar üçün 42 günə qədər karantin və monitorinq tövsiyə edir.

Hantavirus epidemiyasının qeydə alındığı “MV Hondius” kruiz gəmisinin sərnişinləri və heyət üzvləri İspaniyanın Tenerife adasında mərhələli şəkildə təxliyə olunublar. Proses İspaniya hakimiyyəti, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin səhiyyə qurumları ilə koordinasiya şəraitində aparılıb. Gəmidə qeydə alınan hantavirus infeksiyası ilə bağlı indiyədək 3 ölüm və təsdiqlənmiş və ya şübhəli hallar qeydə alınıb.

“Associated Press”-in məlumatına görə, sərnişinlər hərbi və hökumət təyyarələri ilə 20-dən çox ölkəyə repatriasiya edilir və karantinə alınırlar.

ÜST Baş direktoru Tedros Adhanom Qebreyesus Tenerifedə verdiyi açıqlamada ictimaiyyəti panikaya düşməməyə çağırıb. O bildirib ki, gəmidə aşkarlanan virus hantavirusun “And ştammı”dır, xəstəlik ciddi olsa da, geniş ictimaiyyət üçün risk aşağı qiymətləndirilir. “Bu, başqa bir COVID deyil”, — deyə ÜST rəhbəri vurğulayıb.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi gəmidə olan şəxsləri təxliyə və repatriasiya məqsədilə yüksək riskli kontaktlar kimi təsnif edib. Qurumun elmi tövsiyəsinə əsasən, sərnişinlər və heyət üzvləri 6 həftəyə qədər — 42 gün monitorinq və ya karantin rejimində saxlanıla bilər. Yüksək riskli şəxslər üçün özünütəcrid, gündəlik simptom izlənməsi və simptom yaranarsa test tövsiyə olunur.

“The Guardian” yazır ki, gəmi Tenerife sahillərinə 146 nəfərlə çatıb. Təxliyə olunan sərnişinlər ölkələrinə çarter reysləri ilə göndərilib, bəziləri xəstəxana və xüsusi izolasiya müəssisələrində karantinə yerləşdirilib. Məsələn, Britaniya vətəndaşlarının “Arrowe Park” xəstəxanasında ilkin karantinə alındığı, daha sonra evdə özünütəcrid rejiminə keçəcəyi bildirilir.

ABŞ-a təxliyə edilən sərnişinlərdən birində hantavirus testi müsbət çıxıb, lakin həmin şəxsdə simptom yoxdur. Fransaya aparılan sərnişinlərdən bir qadında da virus aşkarlanıb və onun Parisdə reanimasiyada stabil vəziyyətdə olduğu bildirilir.

Hantavirus adətən yoluxmuş gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə çirklənmiş havanın udulması nəticəsində insana keçir. ÜST və səhiyyə qurumlarının məlumatına görə, gəmidəki hadisədə söhbət “And ştammı”ndan gedir və bu ştamm nadir hallarda yaxın və uzunmüddətli təmas zamanı insandan-insana keçə bilər. Simptomlar adətən qızdırma, titrətmə, əzələ ağrıları ilə başlayır və bəzi hallarda ağır tənəffüs problemlərinə səbəb ola bilər.

Hazırda əsas tədbirlər keçmiş sərnişin və heyət üzvlərinin izlənməsi, simptomların gündəlik yoxlanılması, riskli kontaktların təcridi və ölkələr arasında məlumat mübadiləsidir. Rəsmilər bildirirlər ki, karantin və monitorinq tədbirləri ehtiyat məqsədi daşıyır və mövcud vəziyyət qlobal pandemiya riski kimi qiymətləndirilmir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.