Rəsmi Bakı Avropa Parlamenti ilə münasibətlərin tam dayandırılması barədə qərar qəbul edə bilər. “Trend” agentliyi etibarlı mənbəyə istinadən yazır ki, qurumla təmaslar faktiki olaraq artıq dayandırılsa da, hazırda Avropa Parlamenti ilə bütün qarşılıqlı fəaliyyətin rəsmi şəkildə kəsilməsi variantı müzakirə olunur.
MSNews.az “Trend”-ə istinadən xəbər verir.
Məlumata görə, mümkün qərara səbəb Avropa Parlamentində “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsinin müzakirəyə çıxarılmasıdır. Sənəd formal olaraq Ermənistana dəstək məqsədi daşısa da, Bakı hesab edir ki, layihənin bir sıra müddəalarında Azərbaycana qarşı əsassız ittihamlar və tələblər yer alır.
Avropa Parlamentinin sənədində Ermənistan və Azərbaycan arasında 8 avqust 2025-ci il tarixli birgə bəyannamə və sülh prosesindəki müsbət dinamika alqışlanır, tərəflər “hərtərəfli və hüquqi baxımdan məcburi sülh müqaviləsinin” ratifikasiyasına doğru sürətlə irəliləməyə çağırılır. Bununla yanaşı, layihədə Azərbaycana “etimad quruculuğu tədbirləri” görmək və “qalan erməni siyasi məhbusları qeyd-şərtsiz azad etmək” çağırışı da əksini tapıb.
Sənəddə həmçinin Qarabağdan köçmüş ermənilərin hüquqları, əmlakı, mədəni irsi və kimliyinin qorunması ilə bağlı Avropa Parlamentinin əvvəlki mövqeləri yenidən təsdiqlənir. Bundan əlavə, qətnamə layihəsində Azərbaycan Ermənistanın seçki prosesləri ilə bağlı “xarici təzyiq, qorxutma və təhlükəsizlik xarakterli məcburiyyət” yaratmamağa çağırılır.
Rəsmi Bakı bu yanaşmanı Avropa Parlamentinin Azərbaycana münasibətdə növbəti birtərəfli mövqeyi kimi qiymətləndirir. Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla bağlı sənəd adı altında ölkəyə qarşı siyasi xarakterli iddiaların daxil edilməsi qurumun qərəzli mövqeyini və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdini göstərir.
Qeyd edək ki, Avropa Parlamenti son illərdə Azərbaycanla bağlı bir sıra tənqidi qətnamələr qəbul edib və bu sənədlər Bakı tərəfindən dəfələrlə qərəzli, reallıqdan uzaq və ikili standartlara əsaslanan yanaşma kimi qiymətləndirilib. Yeni müzakirə isə Avropa Parlamenti ilə Azərbaycan arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər.