Nigeriyanın cənubunda mövcud olmuş Benin Krallığı dövründə hazırlanmış və XIX əsrin sonlarında Avropaya aparılmış Benin bürüncləri bu gün də Afrikanın müstəmləkə dövründə talan edilmiş mədəni irsinin ən simvolik nümunələrindən biri hesab olunur. XV-XVI əsrlərə aid kral başları, relyef lövhələr və mərasim fiqurlarından ibarət bu əsərlər 1897-ci ildə baş vermiş “Benin ekspedisiyası” zamanı Britaniya qüvvələri tərəfindən götürülərək Avropa və Şimali Amerikadakı muzey və kolleksiyalara paylanıb.
Aradan yüz ildən çox vaxt keçməsinə baxmayaraq, həmin artefaktların böyük hissəsi hələ də Qərb ölkələrində saxlanılır. Son illərdə bəzi muzey və universitetlər bu əsərlərin Nigeriyaya qaytarılması istiqamətində addımlar atsa da, proses hələ də gözlənilən səviyyəyə çatmayıb. Məlumata görə, Kembric Universitetinin Arxeologiya və Antropologiya Muzeyi fevral ayında 100-dən çox əsərin mülkiyyətini Nigeriyaya təhvil verən ilk qurumlardan biri olub. Buna baxmayaraq, minlərlə əsərin hələ də Qərb muzeyləri və şəxsi kolleksiyalarda qaldığı bildirilir.
Mütəxəssislər hesab edir ki, problem təkcə fiziki qaytarılma ilə məhdudlaşmır. Onların fikrincə, restitusiya prosesinin əsas çətinliyi hüquqi maneələr, mülkiyyət mübahisələri və Qərb institutlarının proses üzərində dominant nəzarətidir. Tədqiqatçılar vurğulayırlar ki, hansı sübutun yetərli sayılması, kimlərin danışmaq hüququ əldə etməsi və prosesin hansı sürətlə getməsi hələ də əsasən Qərb institutları tərəfindən müəyyən edilir. Bu isə Afrikanın tələblərinin arxa planda qalmasına və atılan addımların “lütf” kimi təqdim olunmasına səbəb olur.
Kaliforniya Universitetinin professoru Silvester Oqbeçi də bildirir ki, ilk mərhələdə daha açıq görünən qaytarılma yanaşması zamanla daha sərt və məhdud formaya keçib. Onun sözlərinə görə, Almaniya bu məsələdə daha fəal mövqe sərgiləsə də, Böyük Britaniyada daha ehtiyatlı xətt üstünlük təşkil edir. Xüsusilə, əsərlərin Nigeriyada sərgilənmək üçün “borc verilməsi” formatı, ekspertlərin fikrincə, Britaniyada mövcud mülkiyyət modelini dolayı yolla legitimləşdirir.
Müzakirələrin digər vacib istiqaməti isə kompensasiya məsələsidir. Bəzi ekspertlər yalnız əsərlərin geri qaytarılmasının kifayət etmədiyini, müstəmləkə dövründə baş vermiş itkilərə görə maddi təzminat mexanizmlərinin də nəzərdən keçirilməli olduğunu deyirlər. Digər yanaşmaya görə isə əsas prioritet maliyyə deyil, qərarvermə prosesində Afrika tərəfinin birbaşa iştirakının təmin edilməsidir. Xüsusilə əsərlərin necə təqdim olunması, onların kölə ticarəti və müstəmləkəçilik kontekstində necə izah edilməsi mühüm məsələ kimi göstərilir.
UNESCO da bu prosesin birtərəfli deyil, əməkdaşlığa əsaslanan model üzrə aparılmasının vacibliyini vurğulayır. Ekspertlər hesab edirlər ki, Afrika ölkələri ortaq və daha güclü strategiya formalaşdırarsa, Benin bronzları ətrafında gedən mübahisə yalnız sənət əsərlərinin geri qaytarılması deyil, həm də tarixi ədalət, mədəni kimlik və qlobal güc münasibətlərinin yenidən düşünülməsi baxımından dönüş nöqtəsinə çevrilə bilər.