Siyarto Lavrovla koordinasiyada olub – sanksiyalara müdaxilə iddiası

Sızdırılmış səs yazıları Macarıstan XİN rəhbəri Peter Siyartonun Sergey Lavrovla koordinasiyada Aİ sanksiyalarına təsir etməyə çalışdığını göstərir.

15

Macarıstanın xarici işlər naziri Pyotr Siyarto ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında sızdırılmış səs yazıları Budapeştin Moskva ilə sıx koordinasiyasını üzə çıxarıb.

Araşdırmaçı jurnalist platformasıVSquare tərəfindən dərc olunan stenoqramlara əsasən, 2024-cü ilin avqustunda Lavrov rusiyalı oliqarx Alişer Usmanovun xahişi ilə Siyarto ilə əlaqə saxlayıb. O, Usmanovun bacısı Gülbahar İsmayılovanın Avropa İttifaqının sanksiya siyahısından çıxarılmasını istəyib.

Məlumata görə, Siyarto bu xahişə müsbət cavab verərək, “Onun siyahıdan çıxarılması üçün əlimizdən gələni edəcəyik” deyə bildirib. Yeddi ay sonra İsmayılovanın sanksiyalardan azad edildiyi qeyd olunur. Danışığın sonunda isə Macarıstan naziri Lavrova “Mən həmişə xidmətinizdəyəm” ifadəsini işlədib.

Ukraynanın “European Pravda” nəşri yazır ki, diplomatik mənbələrə görə, Macarıstan və Slovakiya mütəmadi olaraq hüquqi əsaslandırma olmadan, siyasi səbəblərlə onlarla rusiyalının sanksiya siyahısından çıxarılmasını tələb edir.

Məlumata əsasən, 2026-cı ilin martında Avropa İttifaqının sanksiyalarının uzadılması ilə bağlı aparılan son müzakirələr zamanı bu ölkələr Usmanovun özünün də siyahıdan çıxarılması üçün təzyiq göstərsə də, cəhd uğursuz olub.

Bundan əvvəl “The Washington Post” qəzeti də Siyartonun Lavrova Avropa İttifaqı daxilində qapalı müzakirələr barədə məlumat ötürdüyünü yazmışdı.