ABŞ prezidenti Donald Trampın təyyarəsi yaxınlığında Florida ştatında təhlükəsizlik insidenti yaşandığı bildirilir. ABŞ mediasında yayılan ilkin məlumatlara görə, Vest Palm Biçdə yerləşən “Palm Beach” Beynəlxalq Hava Limanı yaxınlığında şübhəli pilotsuz uçuş aparatı müşahidə edilib və bu səbəbdən hava məkanında qısa müddətli məhdudiyyət tətbiq olunub. Hadisə “Air Force One”-ın ərazidə olduğu vaxt baş verib.
Məlumatlara əsasən, insidentdən sonra hərbi helikopterlər havaya qaldırılıb və hava limanında qısa müddətli “ground stop”, yəni uçuşların müvəqqəti dayandırılması rejimi tətbiq edilib.
Hadisə ilə bağlı hələlik ABŞ Gizli Xidməti, Ağ Ev və ya yerli hüquq-mühafizə orqanları tərəfindən rəsmi təsdiq və ya geniş açıqlama verilməyib. Bununla belə, son vaxtlar ABŞ-ın strateji obyektləri və rəsmi şəxslərinin təhlükəsizliyi ilə bağlı dron insidentlərinin artması fonunda bu hadisə xüsusi diqqət mərkəzindədir.