İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni binasının açılışında iştirak edib. 1200 şagird yerlik liseydə müasir laboratoriyalar və STEAM otaqları yaradılıb.

18

Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib. 1200 şagird yerlik təhsil müəssisəsində müasir laboratoriyalar, STEAM və informatika otaqları, kitabxana, idman və akt zalları yaradılıb.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına liseydə yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Avropa liseyinin əvvəlki binası 1937-ci ildə inşa olunmuşdu. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni bina tikilib.

Qeyd olunub ki, üç və dördmərtəbəli 7 korpusdan ibarət olan bu təhsil müəssisəsi 1200 şagird yerlikdir və rayonun ən böyük məktəblərindən biri hesab olunur. Lisey zəruri mebel və avadanlıqla təmin edilib, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz olunub.

Yeni binada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM otaqları, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı, eləcə də açıq idman meydançası yaradılıb.

Şamaxı Avropa liseyinin yeni binasının Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edildiyi bildirilib.

Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu sahədə həyata keçirilən layihələrə Heydər Əliyev Fondu da mühüm töhfə verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində indiyədək ölkədə 500-dən çox məktəb istifadəyə verilib.

Paytaxt Bakı ilə yanaşı, regionlarda da bu cür layihələrin həyata keçirilməsi şagirdlərin daha keyfiyyətli təhsil almasına, müasir tədris mühitində bilik və bacarıqlarını inkişaf etdirməsinə geniş imkan yaradır. Bu, eyni zamanda, ölkədə təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərin miqyasını göstərir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026