Bam Adebayo NBA tarixində ikinci ən yüksək xal göstəricisinə imza atdı

"Miami Heat" basketbolçusu Bam Adebayo "Washington Wizards" ilə oyunda 83 xal toplayaraq NBA tarixində bir matçda ən çox xal qazanan ikinci oyunçu olub.

27

Bam Adebayo möhtəşəm performansı ilə “Miami Heat” klubunun “Washington Wizards” üzərində 150:129 hesablı qələbəsində əsas rol oynayıb və NBA tarixində nadir nəticələrdən birinə imza atıb.

28 yaşlı basketbolçu qarşılaşmada 83 xal toplayaraq NBA tarixində bir oyunda ən çox xal qazanan ikinci oyunçu olub. Adebayo oyunda 43 atışdan 20-ni dəqiq yerinə yetirib. O, həmçinin sərbəst atış xəttindən 43 cəhddən 36-nı dəqiq yerinə yetirib və 7 üçxallıq zərbə ilə yadda qalıb.

İkiqat Olimpiya çempionu matçı 83 xal, 9 ribaund, 3 assist, 2 top ələ keçirmə və 2 blok göstəricisi ilə başa vuraraq əvvəlki 41 xallıq şəxsi rekordunu xeyli yaxşılaşdırıb.

Buna qədər NBA tarixində bir oyunda qeydə alınmış ikinci ən yüksək xal göstəricisi mərhum basketbol əfsanəsi Kobe Brayanta məxsus idi. O, 2006-cı ildə “Los Angeles Lakers” heyətində “Toronto Raptors”a qarşı oyunda 81 xal toplamışdı.

NBA tarixində bir oyunda ən çox xal rekordu isə 100 xal nəticə ilə əfsanəvi basketbolçu Uilt Çemberlenə məxsusdur. O, bu göstəriciyə 1962-ci ildə nail olub.

Adebayo bu qarşılaşmada həmçinin sərbəst atış cəhdi (43)sərbəst atışdan qazanılan xal (36) göstəriciləri üzrə də NBA rekordlarını yeniləyib. Daha əvvəl bir oyunda ən çox sərbəst atış cəhdi rekordu Duayt Hovarda məxsus idi. O, iki ayrı matçda 39 cərimə atışı yerinə yetirmişdi.

Sərbəst atışdan ən çox xal rekordu isə bundan əvvəl Uilt Çemberlen və Adrian Dentli tərəfindən müəyyən edilmişdi. Hər iki basketbolçu bir oyunda bu komponent üzrə 28 xal toplamışdı.

Elmar Rzalı