Argentinalı televiziya aparıcısı və iş qadını Vanda Nara keçmiş həyat yoldaşı, futbolçu Mauro İkardinin Argentina millisində geyindiyi formanı öz internet mağazasında satışa çıxarıb. Formanın təqdimatında istifadə olunan istehzalı ifadələr isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
MSNews.az xəbər verir ki, bu barədə Argentinanın “TyC Sports” telekanalı məlumat yayıb.
Formanın arxa hissəsində “İkardi” soyadı və 9 nömrəsi yer alsa da, məhsulun təsvirində futbolçunun adı birbaşa qeyd edilməyib.
Əvəzində Nara elan üçün diqqətçəkən ifadə seçib:
“Keçmiş futbolçunun orijinal forması. Az istifadə olunub”.
Bu ifadə İkardinin Argentina millisində çox az oyun keçirməsinə işarə kimi qəbul edilib.
“TN” nəşrinin məlumatına görə, satış elanı Argentina televiziyasında da müzakirə olunub. Xüsusilə formanın aşağı qiymətə təklif edilməsi və İkardinin “keçmiş futbolçu” kimi təqdim olunması diqqət çəkib.
İspaniyanın “Mundo Deportivo” nəşri isə İkardinin Argentina millisində cəmi səkkiz oyun keçirdiyini xatırladıb. Futbolçu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının heyətinə də daxil edilməmişdi.
Vanda Nara və Mauro İkardi uzun müddətdir şəxsi münasibətləri və boşanma prosesi ilə bağlı müzakirələrin mərkəzindədirlər. Buna görə də satış elanındakı ifadələr sosial şəbəkə istifadəçiləri tərəfindən futbolçuya ünvanlanmış istehza kimi şərh olunub.