Çində beyin-kompüter texnologiyası 3–5 ilə geniş istifadəyə verilə bilər

Çin alimləri bildirir ki, beyin-kompüter interfeysi texnologiyası yaxın 3–5 il ərzində praktiki istifadəyə keçə bilər. Çin bu sahədə Neuralink ilə rəqabəti gücləndirir.

39

Çində beyin-kompüter interfeysi (BCI) texnologiyasının yaxın 3–5 il ərzində praktiki istifadəyə keçə biləcəyi bildirilir. Bu barədə “Reuters” agentliyinə müsahibəsində Çinli alim, beyin-kompüter interfeysi üzrə mütəxəssis və parlament üzvü Yao Dejonq məlumat verib.

Alimin sözlərinə görə, texnologiyanın inkişafı və dövlət dəstəyinin artması nəticəsində yaxın illərdə bəzi BCI məhsulları tədricən ictimai istifadəyə təqdim oluna bilər. Çin hökuməti bu texnologiyanı yeni qəbul edilən beşillik inkişaf planında kvant texnologiyaları, 6G rabitə, süni intellekt və nüvə sintezi kimi sahələrlə yanaşı strateji prioritet sahələrdən biri kimi müəyyən edib.

Çin BCI texnologiyasının inkişafı ilə ABŞ şirkətləri, xüsusilə “Neuralink” ilə rəqabət aparmağa çalışır. Məlumata görə, Çin artıq insan üzərində invaziv BCI sınaqlarına başlayan ikinci ölkədir və hazırda ölkədə 10-dan çox klinik sınaq aparılır.

Son sınaqlarda iflic və ya amputasiya keçirmiş bəzi xəstələrin qismən hərəkət qabiliyyətini bərpa etdiyi, robot qolları və ağıllı əlil arabalarını idarə edə bildiyi bildirilib. Çin hökuməti bəzi pilot regionlarda BCI texnologiyası ilə bağlı tibbi müalicələri hətta milli tibbi sığorta sisteminə də daxil etməyə başlayıb.

Mütəxəssislərin hesablamalarına görə, Çinin beyin-kompüter interfeysi bazarı 2027-ci ilə qədər təxminən 5,58 milyard yuan (təxminən 809 milyon dollar) həcmə çata bilər. Alimlər bu sahədə ölkənin böyük əhali potensialı, geniş pasiyent bazası və güclü STEM mütəxəssis ehtiyatının mühüm üstünlüklər yaratdığını bildirirlər.

Çində tədqiqatçılar həm invaziv, həm yarı-invaziv, həm də qeyri-invaziv BCI texnologiyaları üzərində işləyirlər. Yarı-invaziv texnologiyalar siqnal keyfiyyətini bir qədər azaltsa da, beyin toxumasına zərər və əməliyyat sonrası riskləri azaltması baxımından daha təhlükəsiz hesab olunur.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026