ABŞ-da ilk dəfə olaraq genetik modifikasiya edilmiş ağcaqanadlar vəhşi təbiətə buraxılıb. Layihənin məqsədi danq qızdırması, zika virusu və sarı qızdırma kimi təhlükəli xəstəliklərin yayılmasının qarşısını almaqdır.
Pilot proqram Florida ştatında start götürüb. Buraxılan bio-mühəndisliklə yaradılmış erkək “Aedes aegypti” ağcaqanadları insanı sancmır və xəstəlik yaymır. Onlar xüsusi gen daşıyır: belə ki, bu erkəklərdən doğulan dişi ağcaqanadlar yetkinlik yaşına çatmadan məhv olur. Bu mexanizm xəstəlik daşıya bilən dişi ağcaqanadların populyasiyasını kəskin şəkildə azaldır.
“Aedes aegypti” Floridada ümumi ağcaqanad populyasiyasının cəmi 4 faizini təşkil etsə də, insanlar arasında ötürülən ağcaqanad-mənşəli xəstəliklərin böyük hissəsinə məhz bu növ səbəb olur. Yeni biotexnoloji yanaşma həmçinin insektisidlərdən istifadənin azalması üçün nəzərdə tutulub, çünki illərdir kimyəvi maddələrə qarşı müqavimət artır.
Braziliya, Panama və Kayman adalarında aparılan əvvəlki sınaqlar bu metodun populyasiyanı 90 faizdən çox azaltmağa qadir olduğunu göstərib. ABŞ-da da layihə uğurlu olarsa, proses qlobal ictimai səhiyyə sahəsində böyük yenilik sayıla bilər.
MS-News.az