İlham Əliyev Vaşinqtonda AIPAC rəhbərliyi ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və rəhbər heyəti ilə görüşüb; tolerantlıq, dinlərarası harmoniya və Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub.

46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının paytaxtında ABŞ-in yeni yaradılmış Sülh Şurasının ilk iclasına dəvətli şəkildə işgüzar səfərdədir. Bu çərçivədə o, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və digər rəhbər heyətlə görüşüb.

Görüş zamanı iki tərəf arasında mövcud Azərbaycan-ABŞ əlaqələri, təşkilatın Azərbaycana səfəri və Prezidentlə əvvəlki görüşlər yüksək qiymətləndirilib.

AIPAC nümayəndəsi Elliot Brandt Azərbaycanın müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və mehribanlıq şəraitində bir ailə kimi yaşadığını vurğulayaraq buna görə Prezident İlham Əliyevə minnətdarlıq bildirib.
Prezident İlham Əliyev isə Azərbaycanın əsrlər boyu tolerant mühitə malik olduğunu və bu ənənənin ölkə üçün «tarixi həyat tərzi» olduğunu qeyd edib.

Görüşdə Azərbaycan-ABŞ münasibətləri də gündəmə gəlib. Donald Trampın hakimiyyətə gəlməsindən sonra əlaqələrin daha da inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, bir müddət əvvəl ABŞ Vitse-Prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq Xartiyası ölkələr arasında əməkdaşlığın perspektivlərini genişləndirib və süni intellekt, rəqəmsal transformasiya kimi yeni sahələri də prioritet istiqamətlər kimi müəyyən edib.

Görüşdə həmçinin Azərbaycan-AIPAC əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təşkilatın Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşməsində oynadığı rol xüsusi vurğulanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir və bu səfər çərçivəsində müxtəlif görüşlər keçirir.