Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin edilib.
Oxu.Az-ın İqtisadiyyat.az-a istinadla verdiyi məlumata görə, bununla bağlı müvafiq qərarı Dövlət Agentliyinin sədri Elnur Bağırov imzalayıb. Qərara əsasən, Emil Vahid oğlu Xəlilov “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Emil Xəlilov 1985-ci ildə anadan olub. O, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib. 2023–2024-cü illərdə Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Madrid Texniki Universiteti və Milan Texniki Universitetinin dəstəyi ilə həyata keçirilən “Dövlət xidmətləri üçün süni intellekt” (AI4GOV) magistr proqramının iştirakçısı olub.
Əmək fəaliyyətinə 2007-ci ildə bank sektorunda hüquqşünas kimi başlayan Emil Xəlilov 2008–2020-ci illərdə ölkənin müxtəlif banklarında baş hüquqşünas, şöbə müdiri və departament direktoru vəzifələrində çalışıb. 2020–2022-ci illərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü olub.
O, 2022–2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzində Hüquq və sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. 2023–2024-cü illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktorunun müşaviri olub. 2024-cü ildən son təyinatadək isə TƏBİB-in İnnovasiya və Təchizat Mərkəzinin Hüquq, insan resursları və sənədlərlə iş departamentinə rəhbərlik edib.
Emil Xəlilov ailəlidir, üç övladı var.