Böyük Britaniya Kralı III Çarlz Lankaşir bölgəsinə səfəri zamanı etirazla üzləşib. Clitheroe qəsəbəsində dəmir yolu vağzalında sakinlərlə görüşən kralın ünvanına, qardaşı Endryu Mountbatten‑Uindsorun maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə dair sual səsləndirilib. Etirazçı “Endryu barədə nə vaxtdan bilirdiniz?” deyə qışqıraraq kralı etiraz edib.
Hadisə zamanı etirazçı kütlə tərəfindən fitə basılıb, təhlükəsizlik əməkdaşları isə onu ərazidən uzaqlaşdırıblar. Kral III Çarlz səsləndirilən suala cavab verməyib, proqramına davam edərək vətəndaşlarla salamlaşıb, təqdim edilən gül və hədiyyələri qəbul edib və səfərini başa vurduqdan sonra bölgəni tərk edib. Clitheroe kralın əvvəllər dəfələrlə ziyarət etdiyi və xüsusi diqqət göstərdiyi məkanlar sırasındadır.
Bu insident, kralın ötən həftə Esseksdəki səfəri zamanı da oxşar etirazla qarşılaşmasından sonra, Endryunun Epşteynlə əlaqələri fonunda yaşanan ikinci belə hadisə kimi qeydə alınıb. Etirazların fonunda ictimaiyyətin Bukingem Sarayından mövzuya dair daha ətraflı açıqlama gözləntisi davam edir.
Sarayın əvvəlki açıqlamasında kral və kraliçanın istismara məruz qalanların yanında olduqları, onlara dərin empatiya və dəstəyin davam edəcəyi bildirilsə də, monarxiya əleyhdarı “Republic” qrupunun üzvləri fevralın 4-də Bukingem Sarayının qarşısına “cinayət yeri – girmək qadağandır” lentləri çəkərək səssizliyə etiraz etmişdilər.
Xatırladaq ki, Endryu Mountbatten-Uindsorun Epşteynlə yaxın münasibətləri ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə yer alıb. Epşteynin iddia olunan qurbanlarından Virciniya Ciuffre 17 yaşında olarkən o vaxtkı Şahzadə Endryu ilə münasibətdə olduğunu bildirmişdi. İddiaları rədd edən Endryu, Krallıq ailəsinə zərər verməmək məqsədilə York hersoqu daxil olmaqla bütün titullarından imtina etmiş, ötən ilin sonlarında artan ictimai təzyiq və yeni sənədlər fonunda isə kralın qərarı ilə “şahzadə” titulu da əlindən alınmışdı.
Məsələ ilə bağlı olaraq Endryunun uzun illər yaşadığı Royal Lodge malikanəsinin icarə şərtləri, dövlət gəlirlərinin və şəxsi xərclərin vergi ödəyiciləri hesabına qarşılanması kimi məqamlar da parlamentdə müzakirə mövzusu olmuşdu. Artan təzyiqlərdən sonra Endryu Vindzor qalasındakı evini tərk edərək, kralın şəxsi mülkiyyəti olan Sandringham ərazisindəki fermaya köçüb. Keçmiş həyat yoldaşı Sara Ferqyusonun da Epsteinlə dostluğunun üzə çıxması nəticəsində bir sıra xeyriyyə fondları onunla əlaqəni kəsmiş, Sara Fondu isə fəaliyyətini dayandırmışdı.