Futbol tarixinin ən uzun oyunları

Futbol tarixində qeydə alınan ən uzun oyunlar: 1946-cı ildə "Stockport County" – "Doncaster Rovers" arasında 203 dəqiqəlik tarixi maç, 52 saatlıq İngiltərə rekordu və Çilidə keçirilən 120 saatlıq dünya rekordu.

68

Futbol tarixində bəzən elə qarşılaşmalar olur ki, təkcə nəticəsi ilə deyil, müddəti ilə də yaddaşlara həkk olunur. Belə oyunlardan biri 30 mart 1946-cı ildə İngiltərədə baş verib.

“Stockport County” və “Doncaster Rovers” komandaları arasında “Edgeley Park” stadionunda keçirilən Üçüncü Divizion Şimal Kuboku oyunu futbol tarixinin ən qəribə və uzun maçlarından biri kimi qeydə alınıb.

Görüşün əsas vaxtı 2–2 hesabı ilə başa çatdıqdan sonra oyun 30 dəqiqəlik əlavə vaxta gedib, lakin hesab dəyişməyib. O dövrün qaydalarına əsasən, qalib müəyyən olunana qədər oyun davam etməli idi. Beləliklə, qarşılaşma uzandıqca uzanıb. Azarkeşlərin bir qismi stadionu tərk edərək evə gedib, çay içib, daha sonra oyunun bitib-bitmədiyini yoxlamaq üçün stadiona qayıdıb və matçın hələ də davam etdiyini görüblər. Ümumilikdə 203 dəqiqə davam edən bu tarixi oyun hava qaraldığı üçün dayandırılıb. Həmin dövrdə “Edgeley Park” stadionunda işıqlandırma sistemi olmadığına görə qarşılaşmanı davam etdirmək mümkün olmayıb. Oyun ertəsi gün bərpa edilib və bu dəfə 90 dəqiqə davam edən görüşdə “Doncaster Rovers” 4–0 hesabı ilə qalib gəlib. Bu qarşılaşma rəsmi futbol tarixində 203 dəqiqə davam edən ən uzun oyun kimi rekord qırıb.

İllər sonra, 2012-ci ildə İngiltərədə futbolun başqa bir marafon qarşılaşması baş tutub. “Sərbəst Vuruş Vəqfi” üçün ianə toplamaq məqsədilə “Reading” və “Peterborough United” komandaları arasında keçirilən yoldaşlıq görüşü Ginnesin Rekordlar Kitabına düşüb. Hər komandada 8 futbolçunun iştirak etdiyi bu maç cümə günü saat 10:00-da başlayıb və bazar günü saat 14:00-da başa çatıb. Ümumilikdə 52 saat davam edən oyunda yalnız qısa müddətli yuxu fasilələrinə icazə verilib və oyunçu dəyişikliklərinə heç bir limit qoyulmayıb.

2016-cı ildə isə futbol tarixinin ən uzun oyunu rekordu Çiliyə məxsus olub. Paytaxt Santyaqoda keçirilən və 120 saat davam edən bu qeyri-adi maç Ginnesin Rekordlar Kitabına dünyanın ən uzun sürən futbol oyunu kimi daxil edilib. Oyunda ümumilikdə 2375 futbolçu iştirak edib və qarşılaşma inanılmaz 505–504 hesabı ilə başa çatıb. Bu hadisə futbolun yalnız 90 dəqiqədən ibarət olmadığını, bəzən əsl dözüm və iradə sınağına çevrildiyini bir daha sübut edib.