ABŞ-da federal hökumət qismən bağlandı

ABŞ-də federal hökumət Senat büdcəni təsdiqləsə də, Nümayəndələr Palatasında səsvermə olmadığı üçün qismən fəaliyyətini dayandırıb. Qapanmanın qısa müddətli olacağı gözlənilir.

64

ABŞ-də federal hökumət Senatın büdcə paketini qəbul etməsinə baxmayaraq, Nümayəndələr Palatasında hələ səsvermənin keçirilməməsi səbəbindən qismən bağlanıb.

Vaşinqtonda yayılan məlumata görə, federal qurumların böyük hissəsini 30 yanvar gecə yarısına qədər maliyyələşdirən müvəqqəti büdcənin müddəti başa çatıb. Senat tərəfindən təsdiqlənmiş büdcə paketinin qanunvericilik prosesi isə Nümayəndələr Palatasında tamamlanmadığından federal hökumətin fəaliyyəti qismən dayandırılıb.

Sözügedən paketə Müdafiə, Nəqliyyat, Mənzil və Şəhərsalma, Səhiyyə və İnsan Xidmətləri, Əmək və Təhsil nazirliklərinin sentyabr ayınadək maliyyələşdirilməsi ilə bağlı qanun layihələri, eləcə də Daxili Təhlükəsizlik Nazirliyi üçün iki həftəlik müvəqqəti büdcə daxildir. Paket Senatdan keçsə də, Nümayəndələr Palatasının həftəsonu iclas keçirməməsi hökumətin qismən bağlanmasına səbəb olub.

Senatda keçirilən səsvermədə büdcə paketi 29-a qarşı 71 səslə qəbul edilib. Layihələr üzərində edilən dəyişikliklər səbəbindən sənəd yenidən Nümayəndələr Palatasına göndərilib.

Büdcə paketinin qüvvəyə minməsi üçün Nümayəndələr Palatasının təsdiqi və ABŞ Prezidenti Donald Trampın imzası tələb olunur. Lakin federal qurumların böyük hissəsi üçün xərcləmə səlahiyyəti yerli vaxtla gecə yarısından etibarən başa çatıb.

Gözləntilərə görə, Nümayəndələr Palatası bazar ertəsi büdcə paketini müzakirə edəcək, bundan sonra sənəd prezidentin imzasına təqdim olunacaq və qismən bağlanma qısa müddətdə sona çatacaq.

Qeyd edilir ki, qısaömürlü olacağı gözlənilən bu bağlanmanın federal xidmətlərin əksəriyyətində ciddi fasilələrə səbəb olması ehtimal edilmir.

Xatırladaq ki, ABŞ ötən il tarixinin ən uzunmüddətli hökumət bağlanmasını yaşamışdı. Federal hökumət 2026-cı maliyyə ili başlamazdan əvvəl müvəqqəti büdcə qəbul olunmadığı üçün 1 oktyabr 2025-ci ildə fəaliyyətini dayandırmış, 43 gün sonra — 13 noyabr 2025-ci ildə büdcə sənədinin Donald Trump tərəfindən imzalanması ilə yenidən açılmışdı.